Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Avqust 2017

Bu gün İmam Cavadın (ə) şəhadət günüdür

Məmun daima onun vurğunu olmuşdur
Doqquzuncu İmamın adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavad olmuş, hicrətin yüz doxsan beşinci ilində Mədinə şəhərində anadan olmuşdur. (Üsuli-kafi, c.1, səh.492.) Peyğəmbərin həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan (Üsuli-kafi, c.1, səh.315, 492) Səbikə xanım əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu. (İsbatül-vəsiyyət, səh.209.) Belə ki, İmam Riza (əleyhissəlam) o xanımı pak, nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi. (Biharül-ənvar, c.50, səh.15.)
İmam Cavad əleyhissəlamın atası vəfat edərkən təxminən səkkiz yaşı olmuş, iyirmi beş yaşında olarkən şəhadətə yetişmiş (Üsuli-kafi, c.1, səh.492.) və Bağdadın Qüreyş qəbristanlığında babası İmam Kazim əleyhissəlamın məzarının yanında dəfn olunmuşdur.

Alimlərin nəzərində İmam Cavad əleyhissəlamın şəxsiyyəti
İmam Cavad əleyhissəlamın söhbətləri, elmi mübahisələri, böyük elmi və fiqhi müşkülatları həll etməsi İslam alimlərini, istər şiə olsun, istərsə də sünni, heyran qoymuş, onlar İmam əleyhissəlamın şəxsiyyətinin bu cür əzəməti qarşısında öz təəccüblərini gizlədə bilməmiş və onların hər biri o Həzrəti bir vasitə ilə tərifləmişdir. Nümunə üçün Səbt ibn Əl-Cuzinin dediyini qeyd etmək olar: “O, elm, təqva, zahidlik və səxavətdə atasının tutduğu yolu gedirdi.” (Təzkirətül-xəvass, səh.359.)
İbn Həcər Heytəmi yazır: “O, yaşının az olmasına baxmayaraq, elm, bilik və helm baxımından bütün alimlərdən üstün olduğu üçün Məmun öz qızını ona ərə vermək istəyirdi.” (Əs-səvaiqül-mühriqə, səh.205.)
Şəbəlnəci deyir: “Məmun daima onun vurğunu olmuşdur. Çünki yaşının az olmasına baxmayaraq, öz fəzilət, elm və ağıl-kamalı ilə əzəmətini sübuta yetirmişdi.” (Nurul-əbsar, səh.161.)
Şiə məzhəbinin böyük ustadı Şeyx Müfid və həmçinin, Fəttah Nişaburi İmam Cavad əleyhissəlamı bu cür yad etmişlər: “Məmun onun vurğunu olmuşdu. Çünki o görürdü ki, o Həzrət yaşının azlığına baxmayaraq elm, hikmət, ədəb və əqli kamillik baxımından elə yüksək mərtəbəyə yetişmişdir ki, o dövrün böyük elmi şəxsiyyətlərinin heç biri o mərtəbəyə yetişməmişdi.” (Əl-İrşad, səh.319.)
Əli əleyhissəlamın ailəsinin düşmənlərindən olan mötəzilə Cahiz Osmani İmam Cavad əleyhissəlamı camaatın sevimli şəxsləri olan on nəfərin sırasına daxil edərək onların barəsində demişdir: “Onlar alim, zahid, ibadətlə məşğul olan, şücaətli, səxavətli və pak insanlar olmuşlar. Onlardan bəziləri xəlifə, bəziləri də xəlifəliyə namizəd olmuşlar. Bu on nəfər biri digərinin oğlu olmuşdur. Onlar aşağıdakılardır: Həsən ibn Əli (İmam Həsən Əsgəri (əleyhissəlam)), Əli ibn Məhəmməd (İmam Əliyyən Nəqi (əleyhissəlam)), Məhəmməd ibn Əli (İmam Cavad (əleyhissəlam)), Əli ibn Musa (İmam Riza (əleyhissəlam)), Musa ibn Cəfər (İmam Kazim (əleyhissəlam)), Cəfər ibn Məhəmməd (İmam Sadiq (əleyhissəlam)), Məhəmməd ibn Əli (İmam Baqir (əleyhissəlam)), Əli ibn Hüseyn (İmam Səccad (əleyhissəlam)), Hüseyn ibn Əli (İmam Hüseyn (əleyhissəlam)) və Əli ibn Əbutalib (Həzrət Əli (əleyhissəlam)). Ərəb və əcəm (qeyri-ərəb) nəsillərinin heç biri bu cür şərafətə malik olmamışdır.”


2236 بازدید
در حال ارسال اطلاعات...