Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2018

Azərbaycanda alim olmaq, ingilis dili və çörək pulu

Bu dəqiqənin özündə məktəbli gözəl bilir ki, oxudu-oxumadı pulu olmasa gedib göyərti satacaq.
Azərbaycanda indiki standartlarla alim olmaq çox çətindir, bəlkə də mümkünsüz. Bunu heç kim inkar etmir. Biz elm sarıdan nə dini camiədə, nə də dünyəvi camiədə yaramamışıq. Əsli – kökü bizim doğma vətənimizdə dünyaya gələn alimlər tapa bilsəniz o saat məlum olur ki, gedib hansısa dini ölkələrdə dini təhsil alıb yüksək rütbəyə çatıblar. Dünyəvi alimlərimiz də o cümlədən. İndinin özündə vəziyyət daha çox pisləşib. Çünki əvvəllər alim olmaq istəyən çox idi, amma şərait elə gətirirdi ki, ola bilmirdilər. Başqa sözlə desək alim olmaq istəyənin bəxti gətirmirdi. Amma indiki şəraitdə alim olmaq həvəsini, ideasını uşaqda yaratmaq üçün gərək xaricə gedəsən. Cəhənnəm, əvvəllər ölkəmizdə yaşamaq şərtiylə də uşaqlarda alim olmaq həvəsi yaratmaq mümkün idi. Amma artıq hətta elmə, alim olmağa sevgi yaratmaq üçün gərək xarici ölkələrin birinə gedəsən. Yoxsa Azərbaycanda qalsa yüz faiz bəllidir ki, onda elmə məhəbbət yaranmayacaq.
Azərbaycanda orta məktəbin axırıncı siniflərində oxuyan uşaqların çoxu adət üzrə ali məktəbə hazırlaşır. Yəni zəmanənin gərdişi bu cürdür, qədimdən belə olduğu üçün onlar da palaza bürünüb ellə sürünürlər. Həyatın axarı bundan ibarətdir ki, orta məktəb bitir, ali məktəbə hazırlaşırsan daha sonra işlə təmin olunursan, evlənirsən, qocalırsan və ölürsən. Bizdə də gənclərin çoxu "tutdu qatıq, tutmadı ayran" deyib ali məktəbə hazırlaşırlar. Amma çox zaman isə qatıq olur, ayrana həsrət qalırıq. Çünki bizdə "yeməklə doymayan, yalamaqla doymaz" deyiblər atalarımız. On bir il orta məktəbdə oxumayan bir insan bir il ərzində oxuyub Albert Enişteynmi olacaq? Əlbəttə mən bədbəxt olan gəncliyimizi bir o qədər də qınamıram. Çünki təqsirin bir hissəsi onlardadırsa digər bir hissəsi ölkədə oxumaq üçün zəminənin olmamasına səbəb olan insanlardadır. Məktəblərimizi bilərəkdən hırla-zırı qanmayan, müəllim adına ləkə olan bir çox insanlara tapşırırlar. Dərsliklər tərbiyəsiz mətnlərlə doludur. Müəllimə adına layiq olmayan bəzi dilənçilər gəlib məktəblərdə uşaqlardan pul dilənir. On birinci sinifdə oxuyan şagirdə də bilərəkdən dərs demirlər ki, qoy repetitor adıyla müəllimənin yanında ali məktəbə hazırlaşsın. Bir sözlə hamısı pul tələsidir.
Bizim ölkədə uşaq yetkinlik dövrünə çatan kimi, təqribən 14-15 yaşlarında başa düşür ki, dərs oxumaq əbəsdir. Deyir cəhənnəm olsun kitab da, iş də, universitet də. Gedin məktəblərdə təcrübə üçün 7-8 və yuxarı siniflərdə oxuyan uşaqlara baxın. Görün neçə faizi məktəbə dərs kitabları ilə, çanta ilə gəlir, neçə faiz uşaq gündəliyini düz-əməlli yazır. Niyə dilənçi funksiyasını yerinə yetirən saxtakar insanlar bu şagirdlərdən bir "müəllimə" kimi məktəbə çanta ilə gəlməyi tələb etmirlər.
Bu dəqiqənin özündə məktəbli gözəl bilir ki, oxudu-oxumadı pulu olmasa gedib göyərti satacaq. İndidən başlayır göyərti biznesinin sirlərini öyrənməyə. Uzaq başı əsgərliyə qədər danlanacaq. Sonrası rahatdır. Göyərti satmaq, inşaatda fəhləlik etmək bu xalqın alnına yazılan sənətlərdəndir. Onu daha çox çörəkpulu maraqlandırır.
Çörəkpulu üçün bəzən ingilis-dili də öyrənirlər. Çox zaman görürsən ki, ali təhsili olmayan gənclər üz tuturlar ingilis dili öyrənməyə. Onlara uşaqlıqdan təlqin edirlər ki, ingilis dili və kompyuteri bilsən sənə hər yerdə iş tapmaq asan olacaq. Gənc də məhz iş tapmaq, çörəkpulu qazanmaq naminə gedir birtəhər ingilis dili və kompyuter mühəndisliyi, proqramistlik kimi bir şey öyrənir. Axı ingilis dili bilsə bədəbəddə gedib hansısa avropa ölkəsində də işləyə bilər. Axı hansısa avropa ölkəsində müvəqqəti (ilk günlərdə) əziyyətlə yaşayıb sonra özünü doğruldub işlə təmin olunması Azərbaycanda bir ömür işsiz-avara gəzməkdən qat-qat ağıllı işdir.
Görün biz elmi, maarifi nə kökə salmışıq ki, xaricilər elm öyrənirlər, kompyuter sahəsində mütəxəssis olurlar ki, əlçatmaz zirvələri fəth eləsinlər, biz isə xaricinin dilini bilib onun ölkəsində hansısa plastik fabrikində işləmək üçün öyrənirik. O da hələ mümkün olsa. Çünki bu cür deyil ki, xarici dil bilən hər kəs xaricə gedə bilir. Bunun özü üçün də insan özünə dayday tapır, pul cəmləyir ki, nəhayət viza alıb getsin xaricə, orda da oturaq alsın və başlasın həyatın dadını çıxartmağa. Azərbaycan qaldığı müddətdə isə iş yeri gəzməkdən canı çıxacaq.


268 بازدید
در حال ارسال اطلاعات...