Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2018

"Dilbilməz" Məmmədyarov ana dilini də bilməzsə... (Əli Həsənovun sözünə qüvvət)

Bəs nə üçün ana dil və məmur deyərkən ağlımıza Elmar Məmmədyarov gəlməlidir?
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Elmar Məmmədyarovu yaş yuyub quru sərib. Çıxışında bildirib ki, məmurun ana dilində danışa bilməməsi onun qəbahətidir. Düzdür, Əli Həsənov ad çəkməyib, amma hamıya məlumdur ki, Azərbaycanda məmur və ana dili haqda danışılırsa insnaın ağlına yerli (əslində yersiz) məmurlarımız gəlir ki, həmin siyahiyə də Elmar Məmmədyarov başçılıq edir. Ad çəkməməsi də məlumdur. Axı, hələ ki, Elmar Məmmədyarov vəzifəsindən azad edilməyib. Azad edilən kimi Zahid Oruc o yandan, Elşən Musayev bu yandan, telekanalizasiyalardan "Xəzər TV" də o tərəfdən başlayacaqlar "xoruzlanmağa." Əlbəttə, onlara İctimai TV, AZTV də qoşula bilər.
Bəs nə üçün ana dil və məmur deyərkən ağlımıza Elmar Məmmədyarov gəlməlidir? Axı ondan başqa bir neçə məmur da var ki, öz ana dilində düz əməlli danışa bilmir. Amma Elmar Məmmədyarovun xüsusi səbəbi var. Əslində heç onu digərlərindən daha çox qınamamağa səbəb də var. O da budur ki, adam XİN başçısıdır. XİN isə Xarici İşlər Nazirliyidir. Yəni bu nazirlik sənəd üzərində xarici işlərlə maraqlanmalıdır. Onun daxillə bir əlaqəsi yoxdur. Məsələn, gedib ispan, alman, fransız, rus, ingilis, ərəb dillərini öyrənməlidir. Nazirlikdə xaricə göndərilən səfirlərin getdikləri ölkələr üzrə dilçilik kursları başladılmalıdır. Bu nazirliyin başı olan Elmar Məmmədyarovun azərbaycan dilində danışmasının mətləbə nə dəxli var? Amma var. Dəxli bundan ibarətdir ki, adam gedib xarici ölkələrdə daimi qalmır, onun işi budur ki, o, xaricə getməli, xarici diplomatlarla danışmalı və qayıdıb danışdıqlarını xalqa hesabat verməlidir. Xalqa hesabat vermək üçün də ana dilini bilməlidir. Ya da gərək dövlət özünə əziyyət verib Məmmədyarovun bundan sonrakı 40 illik (onsuz da məmurlar ağac kimi kök atıb qalırlar, ağaclar quruyub ölür, onlar getmək istəmir) maaşını kəsib onun danışdığı dildə bir məktəb açsın və camaat gedib həmin məktəbdə cənab Məmmədyarovu başa düşmək üçün bir-birinin növbəsinə girsin.
Əlbəttə ki, bizim özümüz, qara camaatın özü öz ana dilindən qaçır. Bizdə bu dəqiqə ana dilimizdən daha çox ingilis, rus dilləri, ondan da çox dəbdə olan İran türklərinin dilidir. Bəli, dərdimiz-sərimiz ancaq İranda yaşayan azərilərdir. Bəzi ara qızışdıran yazarlarımızı qoyasan ancaq İranda yaşayan türklərin dilindən danışsınlar. Azərbaycan dilimiz ancaq iki yerdə yada düşür. Bir, dediyimiz kimi İran türkləri məsələsi gündəmə gələndə, bir də Quranın ərəbcə nazil olması mövzusu ortaya çıxanda. Heç ömründə bir dəfə Quranın bir səhifəsini öz dilində (tərcümə) oxumayan bir nəfər durub səndən tələb edir ki, nə üçün Quranı ərəbcə oxumalıyıq. Ya da ki, öz dilinə nifrət edən kimsə durub başlayır ki, nə üçün İranda türk dilində mədrəsə (təhsil ocağı) yoxdur. İngilisin, rusun, xaxolun dilini də bilirsinizmi niyə öyrənməyə çalışırıq? Bəlkə qürbət ölkədə bir iş tapa bildik deyə bu dilləri öyrənməyə can atırıq.
Elmar Məmmədyarova gəldikdə isə, şəxsən mənim üçün məmurun yaxşı iş bacarması önəmlidir. Məsələn, elə sovet vaxtı məgər bütün sovet sosialist respublikalarına rəhbər ancaq öz xalqının içindən seçilirdi ki? O qədər ruslar gəlib bizə ağalıq edib ki? Əsas odur iş bacaran olsun.
Elmar Məmmədyarov isə ana dilindən daha çox erməni dilini öyrənməlidir. Çünki erməni dilini öyrənmək erməninin dilini öyrənmək deməkdir. 25 ildir ki, dövlətimiz erməniylə adam dilində danışır, amma erməni dilbilməzdir. Dövlət isə orda səhvə yol verir ki, artıq erməniylə adam dilində danışmağın yersiz olduğunu qəbul etmək istəmir. Təcavüzkar erməniylə ya gərək öz dilində (başa düşdüyü dildə) danışasan, ya da gərək silahlara əmr edəsən, onlar danışsın. Bu sarıdan da Elmar Məmmədyarov dilbilməz məmurdur. İki mühüm dili bilməli idi ki, heç birini təəssüf ki, bilmir - nə erməni dilini, nə də öz dilimizi.


110 بازدید
در حال ارسال اطلاعات...