Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2018

Seyid ibn Tavusun oğluna vəsiyyətindən-Zəkat bölməsi

bir qul bilirsə ki, bu dünyada çox yaşamayacaq, ağası ona infaq etdiyi malı geri alaraq bir başqasına verəcək və iki müqərrəb mələk də onun əməlini yazır, onda belə (infaq) etmək daha yaxşıdır.
Oğlum Məhəmməd! Ümidvaram, Allah cəllə cəlaluh səni günah və eybdən qorusun, vacib və müstəhəbləri yerinə yetirməkdə sənə gözəl tövfiq versin. Bilirsən ki, sən və bu dünyaya ayaq basan hər bir kəs yoxsuldur və mahiyyətə uyğun olaraq onda zati bir yoxsulluq vardır. Hamı miskin, yoxsul və Allaha möhtacdır. Heç kəs nə yerin yaranışında, nə mal və sərvətin artmasında, nə də tədbir və iradədə həzrət Haqq Təala ilə şərik olmamış və əməkdaşlıq etməmişdir.
Onun əqdəs zatı (cəllə cəlaluh) cəddin Məhəmmədi (s) məbus etdi və Öz əli ilə yazdığı kitabı onun vasitəsilə sənə göndərdi və onda buyurdu ki, sənə inayət etdiyi maldan bir miqdaraını Ona tapşırasan və O, bunu sənin üçün zəxirə etsin, bu dünyada sənin malını qorusun, səndən bəlaları uzaqlaşdırsın, verdiyin malın qarşısında sənə çoxlu xeyirlər çatdırsın. Bəs bu qədər üstünlük və fayda müqabilində malından az bir miqdarından keçməkdə səhlənkarlıq etməyi ağıl qəbul edərmi?! Ya bir şeyi sənin üçün saxlamaq istəyirsə, sənin bunu Ona verməməyini ağıl bəyənirmi? Ya belə düşün ki, həyatının əvvəlindən sənə bu qədər lütf və inayət edən Onun qüdrət əli sənin bu dəyərsiz malına möhtacdırmı? Yaxud onu səndən almağa gücü çatmırmı? Xeyr! And olsun Allaha ey oğlum, belə deyil. Onda məni və özünü Allahın (cəllə cəlaluh) qarşısında rüsvay etmə, Onun (cəllə cəlaluh) və pak ata-babalarımın yanında xəcalətli etmə. Başıuca ol və bil ki, Aləmlərin Rəbbi Öz malını sənin əlində əmanət qoymaqla minnət qoymuşdur və Öz peyğəmbərini səni hidayət etmək üçün göndərmişdir.
Əgər mənim bütün həyatımın və məişətimin işlərini öhdəsinə almış ağam mənə bir əmanət tapşırsa, sonra ondan bir miqdarını məndən istəsə, əql hökm edir ki, onu minnətsiz olaraq, heç bir muzd tələb etmədən ağama qaytaram. Çünki onu qorumaq zəhmətini məndən götürmüşdür və o əmanətə riayət etməkdə məni yaxşı yad edərək başıuca etmişdir.
Mənim bu sözümlə müxalifət etmə və bu əmanətin qarşısında heç vaxt savab istəmə.
Ağıl qəbul edirmi ki, Onu tanımazdan, itaət və xidmət etməzdən əvvəl, sənə ehsan və yaxşılıq edən, bütün bu bəxşişləri sənə hədiyyə edən Allah, əmanəti qaytarmağının qarşısında sənə savab verməsin, səni öz fəzl və mərhəmətindən məhrum etsin? Xeyir, əsla belə deyildir. O, ixlaslı insanlara və öz vəzifəsinə əməl edənlərə saysız-hesabsız dərəcədə savab verir. Hətta, savabı alan özü etiraf edir ki, onun əməli bu savab qarşısında çox az olmuşdur. And olsun Allaha ki, atan Əli ibn Musa ibn Cəfər (ə) çox vaxt əlinə çatan və üzərinə zəkat gəlmiş malın onda doqquz hissəsini infaq edirdi, bir hissəsini də özü və ailəsi üçün xərcləyirdi.
Bəli, bir qul bilirsə ki, bu dünyada çox yaşamayacaq, ağası ona infaq etdiyi malı geri alaraq bir başqasına verəcək və iki müqərrəb mələk də onun əməlini yazır, onda belə (infaq) etmək daha yaxşıdır.
Amma nəfsin tüğyan etsə, ixlas məqamında infaq və fədakarlıq etməkdən boyun qaçırsa, o zaman qızıl-gümüşün hal dilinə qulaq as, qoy onlar sənə şərh edib var-dövlətdən əl üzmək istəməyən simicləri qəbiristanlığa necə göndərdiklərini, bir dəstəni evsiz-eşiksiq qoyduqlarını, bir dəstəni zindana saldıqlarını, onların ağıllarını necə alıb aldatdıqlarını və indi də sənin bədbəxt olmaq növbənin çatdığını sənə danışsınlar.
Bəs, ayıq ol ki, onun əlində həlak olmayasan, həlak və peşman olmuşların sırasında dayanmayasan.
Seyid ibn Tavus, “Kəşful-muhəccə”, 145-ci bölmə, səh. 214-215.


534 بازدید
در حال ارسال اطلاعات...