Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2019

Qüdrət bəy, Nəcəf, Qum üləmasına yüz məktub əvəzinə hünəriniz varsa İlham Əliyevə bir məktub yazın!

Nəcəf, Qum üləmasına söz deməyə üzünüz olmasa da hər seçkidə vəkilliyini etdiyiniz İlham Əliyevə açıq məktub yazın. Qorxma
Deputatxananın təyinatlı deputatlarından olan Qüdrət Həsənquliyev Allahşükür Paşazadə və DQDK-nin sədri Mübariz Qurbanlıya açıq məktub yazıb. Məktubunda qısa-konkret olaraq qeyd edir ki, gərək din alimləri insanların Azərbaycanda məktəblərə öz qız uşaqlarını yollamaları haqda çıxışlar etsinlər. Güya Qüdrət bəy gedib cənub zonasının məktəblərinə baxıb görüb ki, ey vaay, burda qız uşaqları məktəbə getmir. Özü də utanmadan deyir ki, gərək mollalar rəvayət danışmaq əvəzinə belə məsələləri gündəmə gətirsinlər. Utanmadan onu da deyib ki, o vaxt rəhmətlik Hacı Zeynəlabidin Tağıyev qızların dünyavi təhsil almasının dini cəhətdən düzgün olub-olmadığını öyrənmək üçün Nəcəf üləmalarına məktub ünvanlayıb, onlar da bunun heç bir problemin olmadığını deyiblər.
Gələk əvvəlcə Qüdrət bəyin ilk tərbiyəsizliyinə. Adamın ağlına baxın ki, ruhaniləri rəvayət danışmaqda ittiham edir, sonra isə xalqa "rəvayət" (təbii ki, o, bu sözü nağıl mənasında işlədib) danışan insanlardan kömək istəyib. İroniya əvəzinə mollaların ayağına düşüb onlara yalvarmaq lazımdır ki, qardaş, gəlin bu məsələni həll edin. Yoxsa əqrəb kimi sancıb "rəvayət" danışdıqlarına etiqad etdiyin insanlardan nə mədəd umursan?
İkincisi, Hacı Zeynəlabidin Tağıyevi anarkən heç xəcalət çəkibmi Qüdrət Həsənquliyev. Biz Qüdrət Həsənquliyevə üzümüzə tutub deyirik ki, siz gedin ölkədə, ölkədən kənarda yaşayan bir nəfər azərbaycanlı oliqarx tapın ki, dünya malında gözü olmasın, pulunu Azərbaycan və din uğrunda sərf eləsin, özü də Hacı kimi dindar, mömin kişi olsun. Sonra ona məktub yazın ki, o da elmə, maarifə, dinə öz töhfələrini versin.
Nəcəf, Qum üləmasına gəlincə, Qüdrət Həsənquliyev, bu ağalara yüz məktub yazmaq əvəzinə bircə dəfə özünüzdə cəsarət tapıb İlham Əliyevə bir məktub yazın. Yazıb qeyd edin ki, cənab prezident, sizin rəhbərlik etdiyiniz Azərbaycanda məktəblər bərbad gündədir. Şagirdlər – qızlı-oğlanlı iyrənir məktəbdən. Məktəb rüşvət ocağına çevrilib. Təhsil sisteminin anasını ağlatmısınız.

Qüdət bəy!
Mən deyim, siz də bu cümlələri öz adınızdan İlham Əliyevə ünvanlayın; Yazın ki, orta məktəblərdə sizin alçaq məmurlar hicab qadağası çıxartdılar deyə camaat, dindar kütlə qızını məktəbə göndərmir. Daha sonra deyin; cənab prezident, hicab qadağasını azad edin, hicab uğrunda həbsə girən ruhaniləri azadlığa buraxın, onlar elmin, təhsilin qədr-qiymətindən danışsınlar.
İlham Əliyevə deyin ki, alçaq məmurlara tapşırıq versin ki, müəllimlərə düz-əməlli maaş versinlər ki, onlar da işlərini layiqincə yerinə yetirsinlər.

Qüdrət bəy!
Heç şübhə eləmirəm ki, əgər bu təklifi başqa bir insan versəydi Azərbaycanın dəyərli ruhaniləri əllərindən gələni bu istiqamətdə əsirgəməzdilər. Amma təəssüf ki, bu cür gözəl təşəbbüsü səhv edib siz irəli sürmüsünüz. Heç düşünmədinizmi ki, belə bir təklifi ölkədə adı min bir kirli işdə hallanan, yaltaqlığa, xəyanətə, pərakəndəliyə bulaşmış, xalqının, seçicisinin (əgər varsa) xidmətçisi deyil, məmurların maşası olan, deputatxanada təyinatla oturub, seçkilərdə prezidentin vəkilliyini edən bir insan səsləndirsə heç kim qulaq asmayacaq? Bu təklifi niyə siz verdiniz. Əgər həqiqətən də ölkədə təhsilə, qız uşaqlarına canınız yanırsa düz-əməlli bir adam tapardınız və onun tərəfindən belə bir fikir səslənərdi.

Qüdrət bəy!
Bir də ki, siz Qum üləmasına – Hacı Zeynəlabidin Tağıyevin Nəcəf üləmasına yazdığı kimi məktub yazmaq istəsəniz, hansı üzlə bunu edəcəksiniz? Axı siz və sizin beş-altı dənə üzvü olan partiyanızdakı digər müavinləriniz İran dövləti haqqında çox sərsəmləmələr etmisiniz. Hər dəfə cənubi Azərbaycan məsələsi gündəmə gələndə bir vaxt Qum üləmasına ehtiyaclı olacağınızı düşünmədən oradakı dini dövləti siyasi rejim adlandırıb min cür təhqir etmisiniz. İndi hansı üzlə onlara ağız açmaq fikrindəsiniz?

Qüdrət bəy!
Siz də digər deputat həmkarlarınız kimi heç zaman ruhaninin, mollanın, dinin, şəriətin siyasətə qarışmasını, dövlət olmasını istəməmisiniz. İndiyədək bu xəyallarla yaşamısınız ki, dövlətlər ancaq dünyəvi üsul-idarə sistemləri ilə müvəffəqiyyət qazana bilərlər. İran kimi dini dövlətləri isə geridə qalmış, inkişafdan qalmış, orta çağların şəriət dövləti hesab etmisiniz. Amma indilərdə etiraf edirsiniz ki, sizin danışdığınız nağılların hamısı puçdur. Dünyəvi inkişafınız dırnaqarası olduğuna artıq inanmısınız. Buna görə də çarəni din alimlərinə müraciətdə görürsünüz.

Qüdrət bəy!
Nəcəf, Qum üləmasına söz deməyə üzünüz olmasa da hər seçkidə vəkilliyini etdiyiniz İlham Əliyevə açıq məktub yazın. Qorxmayın, hər dəfə müxalifət əleyhinə danışıb deputatxanada sadiq nökərçilik etmisiniz, beləliklə də necə lazımdırsa hökümətin sevimlisinə çevrilmisiniz. Bütün bu xidmətlərin qabağında bir məktub yazsanız üzüyünüzün qaşı düşməz.


198 بازدید
در حال ارسال اطلاعات...