Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2019

Məmur bacarmırsa prezident, dekan, müəllim bacarmırsa rektor nə etməli?

Xalqa zülm edən məmurlar, kök atmış nazirlər yerindən tərpənmir, danlanan, qovulan da "yetim-yesir" məmurlardan başqa bir kəs deyil
İllərdir bu insanlara başa sala bilmədiyimiz məsələ haqda bir daha

"İlyarımdır ADU-da rektor vəzifəsində işləyirəm. Bu müddətdə də tələbələri savadlaşdıra bilmərəm. İstəsəm də, bunu edə bilmərəm. 4 ilin tələbələrinin xarici dil bilməmələrinə gəlincə, həmin tələbələrin savadsız olmasına dekan və müəllim məsuldur. Çünki onlar çoxdan işləyir və belə çıxır ki, ancaq özlərini ittiham edirlər" – Bu sözlər Kamal Abdullaya məxsusdur. Rektoru olduğu Azərbaycan Dillər Universitetində deyib bu sözləri.

Adam Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai elmlər bölməsinin akademik katibi, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri olub və başqa vəzifələrdə çalışıb. Balaca adam deyil. Yazıçıdır, dilçidir, ədəbiyyatçıdır, müəllimdir, rektordur. Çox təəssüflər olsun ki, hakimiyyət nümayəndələrinin buraxdığı səhvi o da təkrarlayır və necə ki, hakimiyyətdə oturanlara başa sala bilmirik, görünür Kamal müəllimə də bir həqiqəti başa salmaq çətin olacaq. Çox təəccüblüdür,
Həqiqətən də bu cür təfəkkürə sahib olan insanlara necə ziyalı deyilir, necə olur ki, bu cür insanlar gəlib elm, maarif sahəsində yüksək vəzifələr tuta bilirlər. Yoxsa doğrudan da hakimiyyətə, ölkəmizdə elmə nəzarət edən (qurum varsa bu) quruma elə Kamal Abdulla zehniyyətində insanlar sərf edir? Yoxsa Kamal Abdulla bundan qabaq yaxşı idi, güclü təfəkkür tərzi var idi də "yuxarılara" qoşulandan bəri geriləyib?
70 yaşlı kişinin anlamadığı bilirsinizmi nədir? Baxın çıxış edərkən deyir ki, məsuliyyət dekan və müəllimin üzərindədir. Mən başa düşürəm, əgər Kamal müəllim Azərbaycan Dillər Universitetinə beş-altı gündür gəlibsə mümkündür orada lazım olan şəraiti yarada bilməsin. Axı ən azından müəllim heyətiylə tanışlığın özü vaxt aparan məsələdir. Amma özü etiraf edir ki, il yarımdır ki, həmin universitetin rektoru vəzifəsini icra edir. Mən başa düşürəm, ola bilər ki, müəllim heyəti ciddi cəhdlə insanların savadlanmasından ötrü çalışmır. Bəs rektora nə gəlib? Bu bir il yarım müddətində həmin müəllim və dekanı Kamal Abdulla ilk dəfə deyil ki, tanıyır. Bundan qabaq da təhsil ocaqlarında çalışıb və kifayət qədər təcrübəsi olan adamdır. Bu bir il yarım müddət ərzində nə üçün həmin müəllim və dekan barəsində lazımi ölçülər götürməyib?

Bu məsələdə iki nöqtə diqqət çəkir:
Ya Kamal Abdullanın bütün bunlardan xəbəri var, ya yoxdur. Yoxdursa deməli vəzifəsini istənilən şəkildə icra edə bilmir. Yox əgər varsa ya özü səsini çıxartmayıb, ya da özü də bu savadsızlaşdırma, kütləşdirmə prosesinin tərkib hissəsi, ayrılmaz bir parçasıdır. Yəni el məsəlinin diliylə desək – yuxarı tüpürsən bığ, aşağı tüpürsən saqqaldır. Amma nə olursa olsun gərək təhsilə, maarifə, gələcəyimiz olan gənclərin gələcəyinə tüpürməyəsən.
Elə hakimiyyət adamlarımız da bu cürdür. Dəfələrlə bu cür məsələlər gündəmə gəlir. Bu həqiqəti nə hakimiyyətə, nə də Kamal müəllim kimi insanlara çatdıra bilmirik. Axı bizdə "balıq başından iylənər" deyə bir el məsəli də var. Bu o deməkdir ki, başın özü yaxşı işləmir. Baş yaxşı işləməsə hökm etdiyi ayaq, qol, göz və s. orqanlar da öz funksiyasını yaxşı yerinə yetirə bilməz. Üstə gəl, əgər baş yaxşı işləmirsə onun ayaq olmaq vaxtı çoxdan çatıb. İraq, Liviya kimi ölkələrdə işləməyən başları çoxdan ayaqlar altına atıb əziblər.

Biz dəfələrlə dövlət səviyyəli müşavirələrdə görmüşük. Bütün günü məmurlar danlanır. Bəzisini iti qovan kimi qovurlar. Amma xalq bu cür ucuz şoulara, "bu şəhərdə" formatlı gülünc səhnələrə inanmır. Çünki xalqa zülm edən məmurlar, kök atmış nazirlər yerindən tərpənmir, danlanan, qovulan da "yetim-yesir" məmurlardan başqa bir kəs deyil.
Bir şey də var ki, bizdə onsuz da aşağı rütbəli işçilər, məmurlar danlananda xalq bu mənzərəyə inanmır. Çünki normal ağıl sahibi bütün bu baş verən hadisələrdən başı günahkar bilir. İdarə edə bilmirsənsə rədd olub getməlisən. İdarə edə bilmirsənsə ya özün bilərəkdən belə edirsən, ya da sənin bacarığın yoxdur. Daha müşavirə zalındakı masanın yuxarı başında oturub camaatı danlamaq iş deyil. Özünü bu yolla təmizə çıxara bilməzsən.


368 بازدید
در حال ارسال اطلاعات...