Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Avqust 2019

"Maşın şou"ya baxan prezident "məmur şou"ya baxa bilməz?

Əsl "reality" (reallıq) məmurların çıxardığı şoudadır

Prezident yazıçı, aktyor, müğənni, rəssam, bəstəkar və s. sənət adamlarını zala toplayıb onlardan (böyük əksəriyyətindən) yağlı mədhlər eşidib bığı yağlanandan sonra Rafael Dadaşovun sayəsində indiyədək Hafiz Hacıyev və onun kimi başqa balıqların "prezidentə çatdırmırlar", "onun xəbəri yoxdur" kimi boş-boş, danqalaq fikirləri alt-üst oldu. Təbii ki, nəinki bu cür cəfəngiyatlara, "Məlikməmməd nağılına" heç kim inanmırdı, üstəlik lap doğru olduğu halda məsləhət verirdilər ki, prezident özü oturub boş vaxtlarını internet, facebook və s. sosial şəbəkələr üzərindən xalqın vəziyyətilə maraqlanmaqla keçirsin. Deyək ki, çölə çıxmır, xalqla göüşmür, Putin kimi yerli jurnalistlərə müsahibə vermir, axı adamı nəhayətdə ətrafındakı məmurlar prezident aparatının kreslosuna bağlamayıblar ki? Qulaqlarına pambıq tıxamayıblar ki? Gözlərini şalla bağlamayıblar ki? Adam evinə gəlir, istirahət edir, dincəlir. Bu arada interneti açıb baxsın, bütün onunla bağlı video və xəbərlərin altındakı şərhlərdəki söyüşlərin birinin bir qəpikdən olmasını görsün.

Rafael Dadaşov isə lap bomba partladıb. Deyir ki, mənə prezident dedi ki, niyə səni "maşın şou"dan çıxardılar. Bu haqsızlıqdır. Sonra Rafael Dadaşov "siz baxırsınız?" sualını verəndə İlham Əliyev deyib ki, kanalları çevirirdim ki, birdən gördüm (bu da jestdir, yəni ki, mənim ciddi işlərim var, oturub qeyri-ciddi verilişlərə baxmağa vaxtım yoxdur). Sonra İlham Əliyev yanındakı kimsə deyib ki, Rafaeli verilişə qaytarsınlar. O da deyib ki, sizin əlinizdə bir maşın nədir ki?
Bəli, İlham Əliyev hətta xüsusi bir proqrama, formata sahib olan verilişə nisbətdə belə təbiətindən irəli gələn diktator olduğunu, (verilişə aid) qanunları tanımadığını, kefi istəyəndə əzə biləcəyini eyham vurub.
İkincisi, gör bu camaat, xüsusilə aktyor nə kökdə yaşayır ki, bir maşın üçün prezidentə müraciət edir. Ən pisi, prezident də onun bu istəyini yerinə yetirmir. Üçüncüsü, İlham Əliyev rəhbərlik etdiyi ölkdəki nazir və məmur, deputat ordusunun haqsızlıqlarından danışmır, amma hansısa bir qeyri-ciddi, əxlaqsızlqla müşayət edilən bir şou proqramındakı haqsızlıq onu "qəzəbləndirib" və "qəzəbindən" adamın bığlarının ucları Koroğlunun bığlarının ucu kimi qalxıb. 

Amma əsas məsələ, bizi yazmağa vadar edən budur ki, indiyədək "prezidentin xəbəri yoxdur" demələrinin "fuflo" olduğunu gördük. Deməli, Allaha şükürlər olsun ki, prezidentin evində video, başında göz, gözündə nur vardır. Bacarıb istədiyi vaxt AZTV-dən və oradakı "dərdsiz Azərbaycandan", "dağılan Avropadan" başqa da nəyəsə baxa bilir. Bəs nə üçün adicə bir "maşın şou"ya baxa bilir, "məmur şou"ya baxa bilmirmi? Nə üçün o, məmurların çıxardığı şouları ancaq bu şouları onun hakimiyyətinə təhlükə kimi görünəndə görür və reaksiya verir? Əsl reallıq bu deyilmi? 

Deməli, buradan belə bir nəticə çıxır ki, ölkədə heç bir məmurun "burda mənəm Bağdadda kor xəlifə" deməsi keçərli deyil. Xəlifə kor deyil, "maşın şou"ya baxa bilir. Geriyə o qalır ki, xalqın dərd-sərinə baxmağa növbə gələndə özü baxmır. Özünü korluğa vurur. Çünki bu hakimiyyət xalqdan biri deyil, xalqın içindən seçilməyib. Müvəqqəti olaraq – Allah bilir neçə illiyinə dövləti qəsb edib sərvətini talayırlar, etiraz edib haqqını tələb edən xalqa da anti-milli ünsür adı qoyurlar.


303 بازدید
در حال ارسال اطلاعات...