Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2019

Məhərrəm ayında Siyavuş Novruzovun “din islahatları” komediyası

Dahi Füzulinin “Mahi Muhərrəm gəldi, məsərrət haramdır...” cümləsi deyəsən Siyavuş Novruzova təsir etməyib. Çünki durub bu cür mənalı cümlənin müqabilində komediya çıxarıb. Özü də digər özü kimi təyinatla seçilən, xalqın bir dərdinə yaramayan deputat Bəxtiyar Sadıqovla birlikdə.
Məhərrəm ayı İslamda (islamdan əvvəl də) dörd haram aydan biridir. Bu ayda hətta cahiliyyət dövrünün ərəbləri belə dava eləməzdilər. Amma özlərini cahil ərəbdən də betər günə qoyan Siyavuş Novruzovla Milli Məclis orqanı olan “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov düz Məhərrəm ayının biri (qoy olsun bir gün əvvəl) dava ediblər. 

Dahi Füzuinin bu cümləsində keçən “məsərrət” “sevinc-şadlıq” mənasındadır. Yəni Məhərrəm ayı ki, daxil oldu, gərək sevinci-şadlığı kənara qoyasan. Çünki Əhli-beytə yas saxlamaq şəriətə ehtiramdır. Bunu da Məhəmməd Füzuli buyurub. 

Siyavuşla Bəxtiyarın isə davası “Azərbaycan” qəzetindəki başsağlı elanlarına görə olub. Bəxtiyar bu elanların hesabına (hər elan 50 manatdan olmaqla) kalan pul qırpıbmış. Bunu isə Əfqanıstanda bir vaxtlar kəşfiyyat rəisi işləmiş, indi isə AYMKAÖ kəşfiyyat idarəsinin (“Azərbaycan Yas Məclislərində Kim Acından Ölür”) rəisi vəzifəsini icra edən Siyavuş Novruzov kəşf edib. Adama nətər 50 manat söhbəti yer edibsə “Müsavat” qəzetiylə əlaqə yaradıb və Sadıqovu yaş yuyub quru sərib. Özünü bir anlıq müfti hesab edib bunun haram olmasını da deyib. Axı Məhərrəm ayı qəm ayıdır, niyə camaata şou-komediya göstərirsiniz Siyavuş bəy.
Novruzov deyib ki, deputatxanada dini islahatlar aparılacaq, dindən ayrı olan dövləti məcbur edəcəklər ki, bu islahatlara getsin. Bu islahatlar nədən ibarətdir? Yas məclisi on dəqiqədən artıq olmamalıdır. Ancaq üç gecədə ehsan verilməlidir. Yeri gəlmişkən deyim ki, Novruzov bu yaxınlarda demişdi ki, deyirlər millət acından ölür. Durun gedək yas məclislərində görək kim acından ölür. Adam xalqı aldatmağa çalışıb, amma alınmayıb. Kim aldanıbsa, istəyirik ki, Novruzovun yalanını burda ifşa edək. Deməli, yas məclisində iki növ insan olur. Biri yasa gələndir ki, bu insanlar yasda yemək yeyir. Digəri isə yas sahibidir ki, o da üç gün uzaq başı ehsan verib camaatı yola salırlar. Bəli, belə yerdə acından ölən olmur. Niyə olsun ki, Özün öz ağzınla deyirsən ki, “yas yerinə gəlib”, yəni yemək yeyəcək. Yemək yeyən ac olur ki, bir acından ölsün də. Yox, əgər məqsədin yas sahibinin növbənöv ehsan verməsidirsə, o da yazıq borc-xərclə bu işi görür. Sənin hünərin var adi şəraitdə yaşayan, daha doğrusu yaşaya bilməyən insanların evinə get gör nə yeyir? Hündürmərtəbəli, bahalı binada, yaxud təyinatla deputatxanada oturub bu sözləri danışmaq, haram maaş almaq asandır.

“Maaş almaq” demişkən, Siyavuş Bəxtiyar haqda deyib ki, şəriətdə başsağlı üçün pul almaq haramdır. Bəli, məhz “müftilik” edib “haram” sözünü dilə gətirib. Bəxtiyar da deputatxanaya təyinatla girdiyi üçün, yəni Siyavuşun tayı olduğu üçün qayıdıb ona haramı açıqlaya bilməyib. Biz isə deyirik ki, Siyavuş bəy, bəs sizin heç bir işə yaramadığınız halda, bütün günü yaltaqlıq və GÖZƏGİRƏNLİKLƏ məşğul olduğunuz üçün təyinatla deputatxanada saç ağartmağınız haram deyilmi? Haram istəyirsən? Gəl danışaq da.
Əgər dində islahat aparmaq istəyirsən (ki, bu, əvvəla sənin başın üçün deyil, get) telekanalizasiyalardakı şou-proqramlara fasilə ver. Heç olmasa məhərrəmlikdə. Dahi Füzulini məktəbli kitablarında təbliğ etməklə deyil. Onun ideallarını rəsmi olaraq yerinə yetirin. Baxın, Füzuli deyir ki, “məsərrət” (şadlıq) Məhərrəm ayında haramdır. İslahat istəyirsənsə gedin məhkəmələrdən, məktəblərdən, xəstəxanalardan, polis oqranlarından, həmçinin deputatxanaya təyinat olunmaq üçün yığılan rüşvətləri yığışdırın. Budur haram. Siz xırtdəyə qədər harama batmısınız, nə şəriət, nə Quran, nə Peyğəmbər, nə İmam sizin vecinizə deyil. Bütün günü haramdan piylənirsiniz, camaatın dolanışığından xəbəriniz yoxdur. Yüzlərlə insanı haqqı dediyi üçün həbs etmisiniz. Bütün bunlardan sonra həyasızcasına çıxıb haramdan danışırsınız.


196 بازدید
در حال ارسال اطلاعات...