Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyul 2020

Yaxşı, ermənini susduraq, sonra başlayaq öz içimizdən təmizləməyə

(Şəhid ataları və porsuq məmurlar)

Bir neçə gündür ki, erməniləri susdurmaqla məşğuluq. Mübarizlərimiz erməni tərəfindən açılan atəşə cavab verməklə məşğuldur. Allahın izniylə şəhadətpərvər, qəhrəman mübarizlərimiz erməniləri – hər dəfə olduğu kimi – yerində oturdmağa qadirdir. Amma sual olunur ki, nə vaxta qədər? Nə vaxta qədər biz beynəlxalq qanunları nəzərə alıb ilk atəş açmayacağıq, hər zaman erməninin açdığı atəşə cavab olaraq güllə atacağıq? Nə vaxta qədər lazımın gəlişini gözləyəcəyik?

Bu “nə vaxtları” çox uzatmaq olar, amma ən mühümlərindən birini burada yazmaq istərdik. Nə vaxta qədər şəhid cənazələri uçulub-dağılmış daxmalara gələcək, nə vaxta qədər şəhid ataları arıq, qarayanız, işləməkdən beli bükülmüş, kasıb, fəqir-füqəra olacaq? Nə vaxta qədər zalım hakimiyyət onlara “övladınız şəhiddir, bununla fəxr edin, bəsdir sizə” deyəcək? Şəhid olmuş bütün əsgərlərimizin atasının və evinin fotolarına baxın, hamısı kasıb adamlardır. Nə vaxta qədər harınlamış məmurlar, sirkdə oturan zillət vəkilləri öz balalarını əsgərliyə aparmayacaq? Halbuki bu məmur və zillət vəkilləri villalarda yaşayır, ailə biznesləri hamıya məlumdur.

Görün bu ölkə nə gündədir ki, nəinki məmur balası, adicə bir az pulu olan sahibkar var ki, oğlunu hərbiyə yollamır, yollayanların da çoxu pul verir ki, oğlu sərhədə düşməsin. Hətta daxili hərbi hissələrdə belə oğlunun işə-gücə düşməməsi üçün Hərbi Nazirliyə rüşvət verənlər var. Nə vaxta qədər ermənisifət, alçaq Nəcməddin Sadıqovlar bu xalqı qırğına verəcək?

Qayıdaq şəhid atası məsələsinə. Baxın, ola bilər ki, bu cür kritik anlarda bu mövzuda kiməsə xoş gəlməsin. Bizə də xoş deyil. Amma digər tərəfdən bizi elə uşaqlıqdan bu cür yalan-saxta vətənşüvənliyə öyrədiblər. Nədir? Məmur övladı getmir, cəhənnəmə getsin, mən gedib vətənə xidmət edirəm. Vətənə xidmət hamının borcudur, bunu heç kim inkar etmir. Amma haqq-ədalət deyilən bir şey var axı. Bu haqq-ədaləti təkcə düşmən qarşısında bərpa etmirlər. Həmçinin daxildə də bu, bərpa edilməlidir.

İnternetdə axtarış verib şəhid atalarının arıq sifətləri ilə Nəcməddin Sadıqovun, Zakir Həsənovun, Elmar Məmmədyarov Rövnəq Abdullayevin, Hadı Rəcəblinin, Hüseynbala Mirələmovun zavod çörəyinə oxşayan girdə sifətlərinə baxın. İnternetdə axtarış verib şəhid atalarının nimdaş geyimləriylə adları çəkilən porsuğların lüks həyatına baxın.

Yaxşı, deyək ki, hazırda döyüş gedir, bu söhbətlərin yeri deyil (hansı ki, lap yaxşı yeridir), onda döyüşlər səngisin, bu məsələyə hökmən qayıdın. Yığılın, etiraz edin, şəhid atasına sahib çıxmaq lazımdır. Şair bu yerdə yaxşı deyib. Biz elə öyrəşmişik “vətən, başın sağ olsun”, “vətən sən canım fəda” deməyə. Amma vətənin başı o zaman sağ olur ki, şəhid deputat, nazir balası olur. Vətən vətəndirsə, can fəda etmək lazımdırsa nazir öz balasını qabağa versin. Nə yaxşı yeyəndə porsuğ balaları yeyir, öləndə kasıb-küsub balası ölməlidir?


296 بازدید
در حال ارسال اطلاعات...