Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2016

Suriya üçün İsrail “resepti” - yəhudi dövləti bu ölkəni bölməyi təklif edir

Suriya üçün İsrail “resepti” - yəhudi dövləti bu ölkəni bölməyi təklif edir

Münhen konfransının sonuncu günündə çıxış edən İsrailin müdafiə naziri Moşe Yaalon Suriyanın məzhəblərə görə bölünməsinin qaçılmaz olduğunu deyib. Rusiya və ABŞ-ın təşəbbüsü ilə Suriyada atəşkəs razılaşmasının uğurlu olmasının qeyri-mümkün göründüyünü deyən İsrail rəsmisi bölünmənin daha uyğun bir variant olaraq gördüyünü deyib.

Suriyada qeyri-sabitlik dönəminin hələ uzun müddət davam edəcəyini deyən Yaalonun sözlərinə görə, Suriyanın yenidən birləşib bir bütöv ölkə olması haradasa mümkünsüzdür. Hətta yəhudi nazir ehtimal olunan yeni dövlətlərin adlarını da qeyd edib: “Ələvistan”, “Suriya Kürdüstanı”, “Suriya Dürzistanı”.

Qeyd edək ki, Moşe Yaalon Suriyanın bölünəcəyi proqnozunu verən yeganə İsrail rəsmisi deyil. Əl-Cəzirə kanalının məlumatına görə, İsrail Kəşfiyyat Nazirliyinin baş direktoru Ram Ben-Barak Suriyanın “bölünməkdən başqa həll yolunun olmadığını” deyib. Sitat: “Məncə Suriyada hər kəs yaşadığı yerə nəzarət etməlidir. Əhalinin 12 faizini təşkil edən ələvilərin yarım milyonunu öldürdükləri sünnilərin idarəsini necə təmin edəcəyini düşünə bilmirəm. Bu, bir dəlilikdir”.

Əslində Suriyanın məzhəblərə və etnik bölgüyə əsasən parçalanacağı iddiaları hələ 4 il əvvəldən gündəmə gəlib. 4 il əvvəl Əsədin Laziqiyyə bölgəsinə çəkilib orda Nusayri dövləti quracağı, şimal-şərq ərazilərində isə kürd dövlətinin yaradılacağı və bununla da ölkənin 3 hissəyə bölünəcəyi iddiaları vardı. Amma zamanla məlum oldu ki, nə beynəlxalq güclər (ABŞ, Rusiya, Fransa), nə də ölkənin içərisində savaşan tərəflər buna elə də maraqlı deyillər. Region ölkələri üçünsə bu, böyük bir faciə anlamına gəldiyi üçün qəbul olunmaz idi. Hər halda, gündəmdə olmasa da, ən son variant olaraq bəzi planlarda Suriyanın bölünməsi variantı qaldı.

Ancaq indi qəflətən İsrailin mötəbər siyasi tədbirdə yenidən Suriyanın bölünməsi məsələsini təklif etməsi bölünmə variantının ciddi tərəfdarlarının olduğunu göstərir. İsrail bölgədə böyük təsiri olan güclü dövlətdir. Üstəlik, İsrailin Qərbin regiondakı əsas müttəfiqi olması faktını əlavə etsək, bölünmə planının heç də “rəfə qaldırılmadığı” aydın olur. Ancaq təbii ki, bu günə qədər Suriyanın bölünməsi İsraildən başqa digər ölkələr üçün öncülük təşkil etməyib. Çünki birincisi, tərəf ölkələr, məsələn Rusiya və ya İran, yaxud da ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyə kimi tərəf dövlətlər bölünmədə maraqlı deyillər. Məlumdur ki, bölünmə bölgədə əbədi davam edən münaqişələr, düşmənçilik və aramsız problemlər deməkdir. Üstəlik, hər bir tərəf bütöv Suriyaya sahib olmaq istəyir. Məsələn, Türkiyə kimi Suriya ilə 900 kilometr sərhədləri olan ölkə üçün bölünmə heç uyğun deyil; Türkiyə sərhədlərində de-fakto ikinci kürd dövlətini istəyə bilməz.

Lakin bu planla bağlı iki istisna ölkə və ya etnik qrup var. Onlardan biri İsraildir. Çünki İsrail üçün Əsədli və ya Əsədsiz - bütöv bir Suriyadansa, parçalanmış, bir-biri ilə münaqişə vəziyyətində olan kiçik “suriyalar” daha məqbuldur. O zaman onları idarə etmək də asan olacaq. İkincisi isə bölünmədən sonra yaranacaq daha bir kürd dövləti heç şübhəsiz ki, İsraillə əməkdaşlıq edəcək. Yəni bu bölünmədən İsrail ən azı bir davamlı müttəfiq əldə edəcək.

Kürdlər də təbii olaraq bölünməyə və ya ən pis halda, muxtariyyətə iddialıdırlar. Bu səbəbdən də bölünməyə soyuq yanaşmırlar.

Və sual yaranır ki, nədən İsrail 4 ildən sonra yenidən bölünmə məsələsini ən yüksək səviyyədə ortaya atdı? Bu sualın əslində çox sadə cavabı var. Çünki Suriya artıq böhranın sonuna və ya belə desək, ölüm-qalım mərhələsinə qədəm qoyur. Qərb və onun müttəfiqlərinin Səudiyyə Ərəbistanı başçılığı altında, eləcə də Türkiyənin də müdaxilə ərəfəsində olduğu Suriya böyük bir savaşın astanasına gəlib.

Hər kəs anlayır ki, Suriyada qarşı-qarşıya gələcək olan ABŞ və Rusiyadır. Və bu savaş əvvəlkilərə bənzəməyəcək. Belə bir vəziyyətdə İsrail ən yüksək səviyyədə dünyaya böyük savaşdan daha yumşaq bir “alternativ” təklif edir: Suriyanın bölünməsi.

Əlbəttə, Münhendə səsləndirilən bu təklif yəqin ki, daha əvvəl diplomatlar arasında da müzakirə olunub. İndi isə İsrail öz təklifini daha yüksək səslə elan edir. Yəqin ki, arxa dəhlizlərdə bölünmə məsələsini “vəziyyətdən daha az ziyanla çıxmaq” olaraq qəbul edənlər də var. Onlar düşünür ki, hər nə də olsa, sonunda böyük dünya savaşındansa, onsuz da parça-parça olmuş Suriyanın faktiki bölünməsinin rəsmiləşdirilməsi daha məqsədəuyğun olardı...

İstənilən halda, Yaxın Şərqdə parçalanma və düşmənçilik hələ uzun zaman da davam edəcək.


5155 dəfə baxılıb
در حال ارسال اطلاعات...