Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2016

Özgələrin ümidinə qalan ölkə

Bu gün Azərbaycan atalı-analı yetimə bənzəyir. Yəni, ölkənin gözəl təbiəti, yeraltı-yerüstü sərvəti, əlverişli coğrafi mövqeyi var. Daha dəqiq desək, Azərbaycanı dünya miqqyaslı ölkəyə çevrimək ölkənin iqtisadi gücünü artırmaq, dövlətimizi həqiqətən də qiptə ediləcək mərhələyə çatdırmaq imkanı var. Amma bütün bu üstünlüklərdən zərrə qədər istifadə edilmədi və ölkə bütün parametrlər üzrə asılı vəziyyətə düşdü. Məhz buna görə də ölkəmizi atalı-analı yetimə bənzədirik.

Nə vaxta qədər bu ölkənin vətəndaşları istirahət üçün Gürcüstana, müalicə üçün Irana, işləmək üçün Rusiyaya üz tutacaq? Nə vaxta qədər bu dövlətin iqtisadiyyatı neftin qiymətindən asılı olacaq?

Son məlumatlara görə Rusiyadan Azərbaycana göndərilən pulun miqdarı 56 faiz azalıb. Indi on minlərlə ailə Rusiyadakı böhranın dərdini çəkir. Çünki, yüzminlərlə insan dolanışıq üçün Rusiya bazarlarında qara fəhləlik edir. Yəni, Rusiyada böhranın olması, Iranda dərman qiymətlərinin qalxması, Gürcüstanda istirahət xərclərinin artması da bizim vətəndaşı qayğılandırır.

Ölkəni o qədər asılı vəziyyətə salıblar ki, ölkə insanının gözü ətrafda qalıb. Ölkə vətəndaşı ucuz bazarlıq etmək üçün Dağıstana gedir, keyfiyyətli və ucuz müalicə üçün Irana üz tutur, ucuz qiymətə istirahət edə bilmək üçün Gürcüstana gedir, pul qazanmaq üçün Rusiyaya pənah aparır. Hansıki, ölkənin potensialı vətəndaşların üz tutduğu ölkələrdən daha böyükdür. Əslində, adını çəkdiyimiz ölkələr Azərbaycana axışmalıdır. Əslində, ucuz məhsul almaq istəyən, ucuz qiymətə istirahət etmək eşqinə düşən, iş axtaran bizim ölkəyə gəlməlidir.

Mövcud hakimiyyətin anti-xalq siyasəti ölkəni sürətlə çökdürməyə xidmət etdi.

Həqiqətən də acınacaqlı reallıqdır. Allah bizə cənnət bir məmləkət nəsib edib. Amma bu məmləkətin sakinləri cəhənnəm əzabı yaşayır. Nə arzuolunan səhiyyəmiz, nə yerli istehsalımız, nə də normal həyat şəraitimiz var. Bütün parametlər üzrə asılı vəziyyətdəyik. Neft və milyardlar səltənətinin vətəndaşları Rusiyadan gələcək pula göz dikib, Irandakı keyfiyyətli müalicəyə ümid edir, Dağıstandan ucuz qiymətə bazarlıq etmək məcburiyyətində qalıb və s.

Bir sözlə, bu hökumətin yürütdüyü siyasət ən qəddar düşmənin edə biləcəyindən də pis nəticə verdi. Dövlətin sərvətləri soyqırıma məruz qaldı, vətəndaş yetim vəziyyətə düşdü. Və bütün bu dəhşətli mənzərənin adını “analoqsuz inkişaf” qoydular./azadlıq/


4069 dəfə baxılıb
در حال ارسال اطلاعات...