Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2016

Lena xalanın inancı və ya sovetlərin etmədiyini etmək kimlərə nə üçün lazımdır?

Nizami rayonunda yaşayanda rus qonşumuz vardı: Lena xala. Hər il Aşura günü sabah tezdən durub Nardarana gedərdi və hazırladığı şirniyyatı və ehsanı ziyarətgaha verib gələrdi. Dediyinə görə, uzun illər belə edib. Lena xala nə şiə müsəlman idi, nə də inanclı dindar. Yaşadığı cəmiyyətin inancları ona da təsir etmişdi və o da hər kəs kimi ənənəyə uyğun davranırdı.

Bu gün sabah Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının açıqlamasını oxuyanda Lena xala yadıma düşdü. Əslində adını unutmuşdum, evə yazıb soruşdum. Lena xala Aşura mərasimlərinə bizdən daha intizamlı idi.

Mübariz Qurbanlı müsahibəsində xatırladıb ki, yeni qanunvericiliyə əsasən evlərdə də Aşura mərasimləri, dini məclislər keçirmək olmaz. Sitat: “Məhərrəmlik ayında dini xarakterli ayinlər yalnız məscidlərdə keçirilməlidir. Dini ayinlər zamanı evlərdə toplaşmaq, küçələrə çıxmaq qanunvericiliklə yolverilməzdir”.

Komitə sədri deyib ki, qadağaya riayət etməyənlər barədə lazımi ölçü götürüləcək. Əlbəttə, məsələnin qanun tərəfi ilə bir işimiz yox. Qanun evdə dini məclislər keçirməyi qadağan edir. Bunu da toplum etirazsız qarşılayıb. Amma indi qarşıdan Məhərrəm ayı mərasimləri gəlir və Komitə sədri qadağanı xatırlatmaqla, Aşura mərasimlərinə işarə edib. Yəni belə görünür ki, hökumət Aşura mərasimlərini daha da məhdudlaşdırmaq, yalnız məscidlərdə keçirməyi tələb edir. Amma niyə? Və daha bir sual: bu mərasimlər dövlətə, hökumətə, xalqa hansı maneəni yaradır ki, Azərbaycanın rəsmi qurumları ildə bir dəfə yığışıb matəm mərasimi keçirən vətəndaşlara bunu da çox görür.

Aşura dini ibadət deyil, heç orda din də təbliğ olunmur. Hər kəsə bəllidir ki, Aşura günü və ondan öncəki günlərdə şiələr və ələvilər Peyğəmbərin (s.ə.s) nəvəsi İmam Hüseynə (ə) matəm mərasimi keçirilər. Kərbəla şəhidləri yad edilir, zalimlar lənətlənir. Bu mərasim artıq çoxdan, min il əvvəl insanların adət-ənənəsi halını alıb. Ənənələrdən isə qorxmaq lazım deyil, çünki bu millətin qan yaddaşı bu ənənələr üzərində qurulub. Əksinə, qadağalar artdıqca, ənənələrə maneələr kəskinləşdikcə, narahatlıq yarana bilər.

1920-ci illərin sonlarına doğru sovetlər dini qadağalara əl atanda Aşuranı da qadağan ediblər. Amma ilk olaraq Qarabağda, daha sonra digər bölgələrdə lokal etirazlar baş qaldırıb. Nəhayət, sovetlər güzəştə gedib: Aşura rəsmən qadağan edilsə də (digər dini fəaliyyətlər kimi – K.R.), hökumət orqanları onun keçirilməsinə göz yumub. Orta yaşlı və yaşlı insanlar xatırlayır, Aşura mərasimləri kəndlərdə keçirilirdi. Adətən kəndin kənarında boş sahədə mərasim təşkil olunur və əzadarlıq edilirmiş.

İndi belə çıxır ki, hökumət anadolular demişkən, ruslara “taş çıkarmak” fikrindədir. Ya da bu qadağanı ortaya atanlara həqiqətən də dini zəmində hansısa narazılıqların baş verməsi və dindar etirazı lazımdır. Amma istənilən halda, arxasında hansı niyyətin dayanmasından asılı olmayaraq bu addım ziyanlıdır. Azərbaycan xalqının və dövlətin maraqlarına cavab vermir. Bu mövzuda rəsmilərin bir daha dərindən düşünmələri lazımdır.


2930 dəfə baxılıb
در حال ارسال اطلاعات...