Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2016

Məcidinin filmi və məzhəbçilik

Və ya Həzrət Peyğəmbər (s.ə.s) müsəlmanları yenidən birləşdirə biləcəkmi?

İranlı məşhur rejissor Məcid Məcidinin “Həzrət Məhəmməd - Allahın elçisi” filmi nəhayət, Türkiyədə də nümayiş olunmağa başladı. Hətta İstanbulda ötən həftəsonu Məcid Məcidinin iştirakı ilə Türkiyənin məşhur sənət və din adamlarının dəvət olunduğu qala keçirildi.

Filmə baxan sənət və din adamlarının əksəriyyətinin fikri müsbətdir. Bunu mediadakı yazılar da təsdiqləyir: sənət əsəri təbii gücünü göstərib, insanları heyran buraxıb.

Filmə baxmamışam, bu səbəbdən nəsə demək fikrim yoxdur. Əslində mövzum tam olaraq bu film deyil. M.Məcidinin dünyaca məşhur film mütəxəssislərini dəvət edərək 30 milyon dollar büdcə ilə 5 il (2 il ssenarinin yazılması, 3 il çəkilişlər) çalışdıqdan sonra ortaya çıxardığı bu film Mustafa Akkadın məşhur “Elçi” filmindən sonrakı 30 illik boşluqdan sonra həm də gözlənilməz oldu. Bir sıra müsəlman ölkələri bu filmin nümayişini qadağan etdi. Elə Türkiyənin özündə də film bir il yasaq oldu. Ötən il yayıma başlayan filmin bir ildən sonra Türkiyə kinoteatrlarına yol tapmasının səbəbi də bu idi.

Təbii ki, bu qadağaların arxasında müsəlmanların Peyğəmbərin (s.ə.s) həyatına olan həssaslığından daha çox siyasi səbəblər təsir edirdi. Bəli, siyasət kinoda da olsa, İslam dinini, müsəlmanları “vurdu”. Məsələ ondadır ki, Məcidinin bu filmi Yaxın Şərqdə müharibələrin, terrorun və bunun fonunda məzhəbçi çağırışların gücləndiyi bir dövrdə çəkildi.

Əlbəttə, Həzrət Məhəmmədin (s.ə.s) 12 yaşına qədər olan həyatını mövzu edən filmdə sünni və şiələr arasında hansısa ciddi fərq mövcud deyil. Üstəlik, Məcidi özü də etiraf edir ki, həssaslığı nəzərə alaraq 2 illik araşdırmaları zamanı sünni və şiə din adamlarının tövsiyələrini nəzərə alıb. Deməli ortada bir səbəb var - siyasət.

Son bir neçə ildə Suriya, İraq və Yəmən məsələsi ilə bağlı İranla Səudiyyə Ərəbistanı, eləcə də zaman-zaman Türkiyə arasında soyuq küləklər əsir. Amma mövzu siyasət, geosiyasi rəqabət, nüfuz mübarizəsi olsa da, bu işlər hərlənib məzhəb mövzusu üzərinə gəlir. Hətta o qədər ki, Səudiyyə Ərəbistanının baş müftisi İranlıları “məcusi” (atəşpərəst), yəni faktiki kafir adlandırdı.

Oxşar mövqelər Türkiyədə də zaman-zaman üzə çıxır. Ümumiyyətlə, hər nə qədər mövzu, problem siyasət olsa da, sonda gəlib din üzərinə çıxır. Bunun ən bariz və acı nümunəsini Məcidinin filminə münasibətdə gördük. Türkiyənin məşhur mədəniyyət, sənət adamları, din xadimləri belə filmə baxmadan Məcidini tənqid edir, “şiə baxışının əks olunduğu, sünnilik üçün təhlükəli” olması haqqında rəylər ortaya çıxdı.

Bu “tənqidçilərin” əksəriyyəti filmə baxmayıb. Bunu özləri də etiraf edirlər. Amma heç kəs bu məsələnin arxasında məzhəb ayrılığı deyil, Ankara ilə Tehran və ya Tehranla ər-Riyad arasındakı siyasi rəqabət olduğunu etiraf etmək istəmir. Hər kəs zərbəni daha ağır yerdən vurur, fərqində olmadan nifrət, düşmənçilik yaradır.

Hələ də məhz bu zəkaların sayəsində müsəlman kütlələri eyni ölkəni, eyni şəhəri bölüşdüyü insanları “kafir, qətli vacib, azmış” hesab edir. Və təəssüf ki, Yaxın Şərqdə İran-Türkiyə və ya İran-Səudiyyə rəqabəti gücləndikcə bu nifrət atmosferi daha da qatılaşır.
Müsəlman dünyası sağlam düşüncə xəstəliyi sindromu yaşayır. Siyasət və din bir-birinin içinə o qədər dərininə qarışıb ki, siyasi proseslər dini düşüncəyə təsir edir və müsəlman kütlələr inancları üzərindən istismar olunur. Və təəssüf ki, siyasət bu işdə güclü əl rolunu oynadığı üçün əsl ziyalıların, aydın fikirli insanların səsi eşidilmir.

Ancaq tam ümidsiz olmaq da lazım deyil. Məcidinin filminə baxanların müsbət fikriləri, təqdirli yazılar göstərdi ki, sənət müsbət mənada müsəlman toplumuna təsir etmək gücündədir. Məsələnin dini tərəfində baxsaq Həzrət Məhəmməd (s.ə.s) amili bir mənada yenidən müsəlmanları bir araya gətirmək, birlik yaratmaq gücündədir - sağlam düşüncə ön planda olarsa...


2692 dəfə baxılıb
در حال ارسال اطلاعات...