Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2018

Şopenhauer və Azərbaycan reallığı

Son zamanlar hər yerdə Azərbaycanı görməyə başlamışam. Bir şeirin misralarında, bir filmin süjetində, bir yazıçının kitabında, bir filosofun fikirlənidə Azərbaycan qarşıma çıxır. Məsələn, alman filosofu Şopenhauerin bəzi fikirləri yadıma düşür və dərhal Azərbaycanla qoşalaşdırıram. Şopenhauer deyirdi ki, dünyanın ən yoxsul insanı, puldan başqa heç nəyi olmayandır. Əslində Azərbaycan dünyanın ən gözəl, ən cazibədar, xoşbəxt insanların yaşadığı ölkə olmalıydı. Çünki bunun üçün hər şeyimiz var. Amma mənəvi yoxsulluq azarına tutulmuşlar ölkəni bataqlığa çevirdilər. Onlar puldan başqa şeylərə də dəyər versəydilər, bu gün tamam fərqli Azərbaycanın vətəndaşları olardıq. Bəli, bizi çox yoxsul adamlar idarə edir.
Şopenhauer həm də “başqalarına bənzəməyə çalışaraq mənliyimizin dörddə üçünü itiririk” deyirdi. Yenə də fikir məni doğma yerlərə aparır. Yaltaqlığın, üzəduranlığın, talançılığın, saxtakarlığın normaya çevrildiyi ölkədə dəyərlər yerini dəyişir. Adamlar normal yaşamaq üçün bu yeni “dəyərlər”ə adaptasiya olunur. Bir də ayılırıq ki, adam yerinə qoyduqlarımız özünü pis adamlara oxşadıb və mənliyinin hamısını itirib. Haram pulla villaya, bahalı avtomobilə, biznes imperiyasına sahib olanlara oxşmaq istəyənlər çoxalır. Nəticədə təkcə adamların deyil, ölkənin də dörddə üçü itməyə başlayır.
Və nəhayət, Şopenhauer mərhəməti, əxlaqın təməli adlandırırdı. Bu ölkədə mərhəmətsizlk fontan vurur. Günahsız adamların şərlənərək həbs olunmasını, ləyaqətli insanlara çamur atılmasını, yüzminlərlə ailənin ehtiyac içində yaşamasını görürük. Elə şeylər görürük ki, “insan bunu necə edə bilər” sualı beynimizi deşir. Elə haqsızlıqlar görürük ki, tüstümüz təpəmizdən çıxır. Bəli, əxlaqın təməli çatladığına görə, əxlaqsızlığın hündürmərtəbəli sarayları ucalıb.
Təəssüf ki, bu gün Azərbaycanı xatırladan mənfi nümunələr çoxdur. Kaş, müdrik fikirləri müsbət mənada Azərbaycana oxşada bilmək də qismətimiz olsun.


1563 dəfə baxılıb
در حال ارسال اطلاعات...