Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2019

Avtobusda "mehribanlaşma" prosesinin əks təsiri

Paytaxtda marşrut avtobuslarının vziyyəti çox bərbaddır. Onu isə bərbad edən bir neçə səbəb vardır. Yadınızdadırsa xarici turistlərin yarışmalarda ölkəmizə gəlməsini nəzərə alıb ölkəmizə müasir, bahalı avtobuslar gətirilmişdi. Bəlkə də niyyət pis (özümüzü turistlərə göstərmək üçün xalqın qayğısına qalmaq üçün yox) olduğu bu avtobuslar da xalqın ziyanına işlədi. Bildiyimiz kimi bu avtobuslarda pul işləmir, ancaq kart istifadə etmək olur. Əlbəttə, hər şeyə bir çarə tapan xalq indiki avtobuslarla 20 il əvvəlin metrosunun müamiləsini edir. Elə indinin özündə də metrolar bu cürdür. Metrodan, avtobusdan istifadə edən vətəndaş özünə zəhmət verib kart (əvvəl də jeton) almır, cibindən 20 qəpik çıxarıb kartlı vətəndaşlara verib deyir ki, zəhmət olmasa məni də keçirin. O bəndeyi-xuda da bu cür edir. Çox zaman bəzi adamlar utanır, qəpiyi götürmək istəmir. 

Avtobuslar da bu cürdür. Düzdür, nəinki digər rayonlar, şəhərlər, heç paytaxtın özündə də bu avtobuslar çoxluq təşkil etmir. Bu avtobuslara qabaq qapıdan girirsən, girən kimi də kart vurursan, sonra isə arxa qapıdan çıxırsan. Əvvəllər olduğu kimi dal qapıdan qaçmaq, pul verməmək mümkün deyil. Nə üçün bu avtobusları misal çəkdim. Demək istəyirəm ki, təəssüflər olsun ki, bizim cəmiyyətə bu cür dəbdəbəli avtobuslar da yaraşmır. Çünki avtobusdan qabaq gərək birinci başı dəyişmək lazımdır. Məhz bunun (başı, təfəkkür tərzini) dəyişməmənin nəticəsidir ki, bu avtobuslar da bizə yaraşmır. Əvvəla bu cür avtobusları gətirirsinizsə elə bütün avtobusları bunlarla əvəz edin. Belə olmadığı halda bir marşrut xəttinə bircə avtobus qoyulsa və dayanacaqda gözləyən sərşinişlərin hamısı bu cür avtobuslara minmək istəsələr avtobus bardaqxana olar. Onsuz da bizdə elə əvvəldən "mehriban olar" sözü dəbdə idi. Amma sözün həqiqi mənasında bu cür mehribanlıq mehriban olmağımızı tələb edən insanların, ən çox da avtobus sürücülərinin başına dəysin. Çünki nə dinimizdə, nə də mentalitetimizdə bu cür "mehribanlaşmaya" yer yoxdur. Bir yandan deyirlər ki, xalqı qınamaq olmur. Çünki avtobus azdır, camaat işə gecikir, qışda hava soyuq olur, yayda istidən bişirsən, yəni basabasdan başqa çarə yoxdur. Çarə isə çox sadədir, hökümətdən, Nəqliyyat Nazirliyindən tələb etmək lazımdır. Olmadı, naziri küçə-bazarda görəndə maşınının qabağını kəsib özünü maşından düşürdüb mindirirsən bu cür basabas avtobuslara, qoy içəridə "mehribanlaşa-mehribanla" getsin. Belə olanda bəlkə ağlı başına gəldi.
Bilirsinizmi necədir? Bu gün avtobus "mehriban olun" deyərkən elə başa düşürlər ki, mən bir addım bir naməhrəm qadından uzaqlaşıramsa deməli o, bu bir addımlıq boş yerə özünü dürtməli və biz bir-birimizə dəyə-dəyə 20 dəqiqə bu yolu getməliyik. Əslinə qalanda avtobuslar üçün bir "razmer" təyin edilib. Bu avtobuslar "bezrazmer" deyil. Onun məsələn deyək ki, 30 oturacağı varsa bu, o deməkdir ki, 30 nəfər sərnişin minməlidir. Amma avtobus sürücülərindən 300 nəfərin pulu (plan) tələb ediləndə o da məcbur qalıb avtobusu bardaqxanaya döndərir. Onun nəyinə lazımdır ki, camaat necə əziyyət çəkir. O, rahatca oturub şüşənin dalında. İki dəqiqədən bir də deyir "mehriban olun", amma sərnişinlərədn biri "əşşi, doldurma da camaatı, yer yoxdur axı" deyəndə mehribanlıq filan yox olub gedir. Başlayır sərnişini borclu çıxartmağa. Sanki bir qədər əvvəl camaata mehribanlıq moizələri edən bu deyildi. Bilirsinizmi nə üçün bu "mehribanlaşma" prosesi müsbət nəticə vermir? Hər bir azərbaycanlıya məlum olduğu kimi ölkədə demək olar ki, heç bir yerdə insanları, xalqı mehriban çekinməyə dəvət etmirlər. Bircə məscidlər, dini tədbirlərdə dindarlar bu işi həyata keçirir. Qalan heç bir yerdə bu iş baş vermir. Əksinə, efirdə şou-reklam xətrinə ara vuranlar aparıcılar var, dalaşan şou əhli var. Həbsxanalarda məhbusları incidən müdiriyyət var. Hərbi hissələrdə əsgərləri intihar həddinə gətirib çıxaran əsgər-zabit münasibətləri var. İş yerlərində bundna betər. Avtobuslarda "mehriban olun" deyiminin daha çox işlənməsinə baxmayaraq heç bir nəticə vermir. Çünki bu sözü deyən ilk növbədə sürücülərdir (qabaqlar sürücünün yanında sərnişinlərdən pul yığanlar da bu cür deyirdi), bir də avtobusdakı basırığı görməsinə baxmayaraq yenə də özünü içəri salan sərnişinlər. Birincisi şüşə arxasında rahatca stulunda əyləşib, dünya-aləm vecinə deyil, ikincisi də elə birincisi kimi özünün işi keçsin deyə belə edir. Əmin olun ki, özləri "mehribanlaşmağa" dəvət edilsələr nə oyunlar çıxar avtobuslarda. Bir də ki, sənin "mehribanlaşman" kiminsə narahatlığına səbəb olmamalıdır. 

Çox maraqlıdır ki, indiyədək bu problemin ancaq avtobusdakı sərnişinlər tərəfindən elə avtobusdaca qabardılmasının şahidi olmuşuq. Nədənsə qələm əhli əlinə qələm alıb bu haqda yazmayıb. Yazıbsa da ki, mövzunu gündəmdə saxlamayıblar. Güman etmirəm ki, yetim jurnalistin, yazarın "dörd göz"ü var və bütün günü işə onunla gedib gəlir. Onlar özləri demək olar ki, hər gün bu nəqliyyat vasitəsindən istifadə edirlər. Görünür onlar da artıq bezib, həvəsdən düşüblər. Ya da ki, bu vəziyyət onlara sərf edir deyə cınqırları çıxmır. Onsuz da biz çox sahədə beləyik. Nə birinci dəfə deyil, nə də sonuncu dəfə olmayacaq.


967 dəfə baxılıb
در حال ارسال اطلاعات...