Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2019

Gəmini nicat yoluna aparan kapitan

Bismilləhir-Rahmənir-Rahim!

Şaban ayının ən mübarək tarixlərindən biri - Həzrət Məhdinin (ə.f) mübarək mövludu günləridir. Bu tarix - insanın qurtuluşu, oyanışı, özünəqayıdışı, nicat tapması üçün hazır olan günlərdəndir.

İstər gecələri, istər gündüzləri baxımından bu mövlud günü insanın ruhi zənginliyi üçün fövqəl imkanlar təqdim edir və mübarək İlahi ziyafət ayına doğru olan hərəkəti daha da əzmli, daha da ardıcıl edir.

Allah Təala cəmi iman əhlinin ruhiyyəsini və zehnini İlahi ziyafətə doğru hərəkət edənlərin ruhiyyəsindən qərar versin və iblisin ortalığa atdığı və həqiqi mətləblərdən uzaqlaşdırmaq vasitəsi olan məşğuliyyətlərdən Özü qorusun!

Ən ağır məqamlarda da müntəzir olmaq

Ötən bəhslərimizdə toxunduq ki, mövludun ən əsas hədəfi, mahiyyəti, gerçək keçirilməsi ondan ibarət olar ki, insan öz daxilini mövlud sahibinin gəlişinə və onun mübarək gəlişilə dünyada yarana bilinəcək İlahi ədalətə uzlaşdırmalıdır, həmahəng etməlidir. İnsan səy etməlidir ki, Mövlanın (ə.f) müntəziri olmaq mövzusu onun üçün sözgəlişi bir məsələ olmasın, növbətçi xarakter daşımasın.

İnsanın bütün həyatı, yaşayışı gözləmək içindədir. Maddi, mənəvi, yaxşı, pis gözləntiləri var insanın. İnsan daxilən bir gözlənti içindədir. Və bu gözləntilər həqiqidirsə, insanların heç biri «növbətçi gözlənti» mövqeyində durmur. İnsan nəyisə səmimi gözləyirsə, riya etmirsə, süstlük, biganəlik etmirsə - onun davranışı bu gözlənti ilə uzlaşır, əməl və hərəkətləri əsas etibarilə bu gözləntiyə uyğun tənzimlənir. Onun halı, ruhiyyəsi bu gözləntiyə uyğun formalaşır.

İnancı olan bir insan, həyatının müxtəlif səhnələrində olan gözləntilərlə yanaşı, bir mərkəzi gözləntiyə malikdir. O, Zəmanə Sahibi Həzrət Məhdinin (ə.f) zühurunun olacağını bilir və bu mübarək gəlişin intizarındadır. Daima o vəziyyətə hazırdır ki, İmam (ə.f) zühur edəcək. Nisgil və həsrət dolu nəzərlərlə gözlər müntəzir öz İmamını (ə.f)...

Nəql edirlər ki, sovet rejiminin ən sərt vaxtlarında belə, həqiqi müntəzirlər var idi ki, bütün repressiya və təqiblərə baxmayaraq, hər cümə günü İmamın (ə) gəlişi ümidi ilə hazır olardılar, ruhi hazırlıqlarını qoruyardılar. Ən ağır tarixi məqamlarda da onlar intizarda olublar, həqiqi intizardaE Və onların bərəkətindəndir ki, bu gün toplum özünə qayıda bilib, öz müsəlman kimliyini unutmayıb.

Müşküllərdən qoruyan diqqət

Müntəzir olmağa iddialı insan ilk növbədə nəyə diqqət etməlidir? Öz gündəlik həyatının müntəzirlik iddasına nə dərəcədə uyğun olmasına. Müntəzirlik durumunun həyatın müxtəlif səhnələrində təzahür olunub-olunmamasına. Hər bir insan bu daxili qiymətləndirməni həyata keçirməlidir. Nə qədər yaxındır, nə qədər uyğundur, nə qədər həmahəngdir onun daxili duyğuları, vəziyyəti, ab-havası müntəzirə xas duruma? Müntəzir bu sualları özü üçün cavablandırmalıdır.

Mövzunu daha yaxşı qəbul etmək üçün, Həzrət Məhdinin (ə.f) bir neçə təbərrük çatdırışlarına diqqət edək. Mövla (ə.f) buyurur: «Biz sizin durumunuzu diqqətdə, nəzərdə saxlamağı əsirgəmirik. Və sizi xatırlamağı unutmamışıq ki, əgər bundan başqa cür olsa idi, müşküllər sizə üz tutardı və düşmənlər sizi yerli-dibli məhv edərdilər. Bəs İlahi təqvaya riayət ediniz və bizim müdafiəçimiz olunuz».

Gördüyümüz kimi, burada bir neçə incə nöqtə var. Birincisi, dövrün İmamının (ə.f) müsəlmanların durumu, halı ilə bağlı daimi diqqəti var. Heç zaman unutmur möminləri İmam (ə.f). Belə olmasaydı, iblisin (lən) ardıcılları öz məkr və amansızlıqları ilə təmiz insanları məhv edib axırlarına çıxardılar.

Bəs nə vəzifə müəyyən edilir insan üçün? İlahi təqvaya riayət etmək. Allahın qoyduğu mübarək sərhədləri tanımaq və onları pozmamaq. Allahın sevdiyi işlərə meyil etmək və Allahın pislədiyi məsələlərdən çəkinmək. Varlıq olaraq insan özünü gərək o hala, o vəziyyətə gətirsin ki, hansında ki, Allah onu görmək istəyir. İnsanlığın ən optimal durumuna salsın özünü. Zəmanə Sahibinin (ə.f) müdafiəçisi olsun. Möhkəm əqidə və yenilməz iradə sahibi olsun. Həyatın bütün səhnələrində - istər məişət səviyyəsində, istər ictimai münasibətlərdə, rəftarlarda, ünsiyyətlərdə, yanaşmalarda İlahi təqva konsepsiyasından irəli gələn davranışı rəhbər tutsun. Buna riayət edən insan, Həzrət Məhdinin (ə.f) müdafiəçisi olar.

Sonrakı peşmançılıq fayda vermir

Digər mübarək buyuruşunda Həzrət Məhdi (ə.f) insanın xeyrinin və zərərinin nədə olduğunu çatdırır: «Sizlərdən hər biriniz gərək o şeyə əməl etsin ki, onu bizim sevgi və məhəbbətimizə yaxınlaşdırır. Və o şeydən uzaq olsun ki, bizim xoşumuza gəlmir və bizim o şeydə qəzəbimiz var. Çünki Allah Təala insanı birdən aparır - bir vaxtda ki, tövbənin onun üçün xeyri yoxdur və günahlarına görə bizim verəcəyimiz cəzadan onun peşmançılıq çəkməsi (artıq) nicat vermir».

Sanki bir mehriban valideyn kimi insanı xəbərdar edir İmam (ə.f). İnsan o işə dəvət edilir ki, onda Allahın Rəsulunun (s) və Əhli-Beytinin (ə) razılığı var. O işlərə dəvət edilir ki, insanı kamilliyə aparır, insanı aşağılanmağa qoymur. Lənətlik iblisin torlarına düşərək, ömrünü bihudə işlərdə puç etməyə imkan vermir.

Ciddi bir xəbərdarlıq var mübarək hədisdə. İnsan nə vaxt dünyadan getdiyini bilsə, işlərini buna uyğun tənzimləyər. Mübarək hədisdə vurğulanır ki, insan həyatla birdən vidalaşır, heç bir hazırlıq-filan görə bilmir. Və bu vida məqamından sonra heç bir peşmançılığın faydası olmayacaq. Bu zaman peşmançılıq insanın karına gəlməyəcək. Gecikmiş peşmançılığın insanın aqibətinə bir təsiri olmayacaq. İnsanın öz ruhuna vurduğu yaraların müqabilində çəkməli olduğu cəza, təmizləyici cəza qaçılmaz olacaq. Bu zaman tövbə etmək gec olacaq.

Bu baxımdan insan həyatdaykən, iradəyə malik ikən gərək Allahın bəyəndiyi əməllərə qol qoysun. O şeylərə əməl etsin ki, Allahın müxlis bəndələri olan Həzrət Peyğəmbərin (s) və Əhli-Beytinin (ə) məhəbbətini qazanmış olsun.

İblisin (lən) burnunu yerə sürtmək

Deyilən bu xoş əməllər mücərrəd kateqoriyaya aid olan bir şeylər deyil. Əslində hər bir insan nəyin yaxşı, nəyin pis olmasını fitrətən bilir. Amma iblis vəsvəsə edə bilməsin deyə, Allah Təala daxili nəzarətçi olan vicdanla yanaşı, insana dürüst İlahi məlumatı çatdıran peyğəmbərlər (ə) də göndərmişdir. Və Allahın göndərdiyi peyğəmbərlər (ə) bu məsələdə heç bir ikimənalılıq və qeyri-müəyyənlik qoymayıblar.

Bu gözəl işlər ki, onların görülməsi Uca Allah tərəfindən bəyənilir və məhz bu bəyənilmə səbəbindən Allahın müxlis bəndələri tərəfindən sevilir - bunlar mütləq vacib ibadətlərin möhkəm bazasında olmalıdır. İnsanın Allah yolunda etdiyi hər bir əməl ibadətdir - işləməyi də, dincəlməyi də, yeməyi də, uşaqlarına nəvazişi də, ailəsinə qarşı mehribanlığı da, valideynlərinə diqqəti də - hamısı. Amma bunlar o zaman mənaya minir ki, insan ilk əvvəl öz vacib ibadətlərini, o cümlədən namazlarını yerinə yetirir. Həzrət Məhdi (ə.f) buyurur: «Heç nə namaz kimi iblisin burnunu yerə sürtməz. Bəs namaz qıl və lənətlik iblisin burnunu yerə sürt!».

Belə isə insan gərək namaz qılsın və özü də həqiqi namaz qılsın. Namazı vaxtında qılsın, vaxtın əvvəlində qılsın. Diqqəti namazda olsun. Namazın mahiyyətinə varmağa çalışsın.

Başqa bir yerdə Həzrət Məhdi (ə.f) insanın vücudi halına çox təsir edən bir mətləbə toxunur. İmamın (ə.f) xəbəri var bizim bütün işlərimizdən, güzaranımızdan, başımıza gələnlərdən. Həzrət Məhdi (ə.f) buyurur: «Bizim elmimizin sizin xəbərlərinizə əhatəsi var. Və heç nə sizin xəbərlərinizdən bizim üçün gizli və örtülü deyil».

Sözsüz ki, işlərimiz yaxşı olanda, İmam (ə.f) da sevinir. Əməllərimiz bizə yaraşmayan olanda, iblisə uyğun gələn müstəvidə olanda - Həzrət Məhdi (ə.f) kədərlənir. Müntəzir olmaq istəyən gərək bu barədə yaxşı-yaxşı fikirləşsin və unutmasın...

Niyə qeybdədir İmam (ə.f)?

Bütün deyilənlərlə yanaşı, insan İmamın (ə.f) qeybdə olması səbəblərini unutmamalıdır. Allah Təala nəyə görə Həzrət Məhdini (ə.f) qeybə çəkdi? Ondan qabaq olan 11 İmamın (ə) qədrini bilmədi bəşəriyyət. Hamısını şəhid etdilər. Sanki, bir gəmidədir bəşəriyyət. Kapitan gəlməlidir ki, bu gəmini nicat yoluna aparsın. Amma sərnişinlər hələ o ləyaqətə çatmayıblar, hələ kapitanı qəbul etmək mərifətini əldə etməyiblər. Kapitanla rabitəni itiriblər sərnişinlər. Bütün öncəki kapitanları qoruya bilmədi sərnişinlər. Hamısını məhv etdi şər qüvvələr. İndi gəmi qalıb kapitansız, insanlar yolu tapa bilmir, ora-bura vurnuxurlar.

Ən azı sərnişinlərin bir hissəsi kapitanın qədrini bilməlidirlər ki, onun gəmiyə gəlişini hazırlasınlar. İndi nə vaxt insanlar qədrini bilərlər imamət nurunun, nə vaxt dərk edərlər nə böyüklükdə neməti itirdilər - o zaman əməllərini və niyyətlərini İmamın (ə.f) gəlişini tezləşdirmək üçün uyğunlaşdırarlar. Əməllərində, niyyətlərində, ruhiyyələrində dəyişiklik etməlidirlər insanlar. Dəyişiklik olacaqsa insanlarda, ümumi durum da dəyişəcək. Nəticə etibarilə, fərəci - İmamın (ə) zühurunu tezləşdirən məhz insanların əməlləridir.

Bu sırada möminlərin etdikləri dualar xüsusi yer tutur. İmam (ə.f) buyurur: «Fərəcin təcil olması üçün çoxlu dua ediniz. Çünki, elə həmin dua etmək - sizin fərəc və açılışınızdır».

İnsanın fərəc üçün - İmam Məhdi Sahib-əz-Zamanın (ə.f) zühur etməsi üçün, fərəcin təcil olması üçün dua etməsi, həqiqi mənada dua etməsi - onun daxilini bu duanın mövzusu ilə həmahəng edir. Bu dua insanın ruhunu fərəcə bağlayar, insanın daxilini fərəclə bağlantılı edər. Və bu insan həqiqi müntəzirlərdən olar. Bu halda həqiqi açılış gələr insanın vücuduna. Zira, bu gözləntinin özü ibadətdir, qəlbin açılışıdır. Bu halın özü hərəkətdir. İnsanın nura doğru hərəkəti. Allah Təala cəmi insanlara bu durumu qismət etsin!

Həqiqi imkanlılıq və ehtiyacsızlıq dönəmi

Təbərrük üçün İmam Məhdi (ə.f) haqqında və zühur barəsəndə bəzi hədislərə nəzər salaq.

Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətim, Məhdinin (ə.f) zühuru zamanında elə nemətlər əldə edəcəklər ki, ondan əvvəl heç bir dövrdə əldə etməmişdilər. O ruzigarda səma çoxlu yağış yağdıracaqdır. Torpaq heç bir cücərəni qəlbində saxlamayacaqdır”.

Həzrət Peyğəmbər (s) buyurub: “İmam Zamanın (ə.f) zühuru dövründə Peyğəmbər (s) ümmətinin qəlbi, ehtiyacsızlıqla dolu olacaqdır. Yəni, hamı qəlbən ehtiyacsızlıq hiss edəcəkdir. İmam Zamanın (ə.f) ədaləti hər yerə yayılacaqdır, o yerə qədər ki, carçıya əmr veriləcəkdir ki, cəmiyyət içində car çəksin: ”Hər kimin nəyə ehtiyacı vardırsa, gəlib götürsün". Bir nəfər ayağa qalxacaq, gəlib maldan götürəcəkdir. Ancaq sonra peşman olacaqdır ki, (bu malla) nə etmək istəyirəm. Onu geri qaytaracaqdır".

Əba Sələt İmam Rzadan (ə) nəql edir ki, buyurub: “Bizim Qaimin (ə.f) nişanəsi budur ki, qoca kişi yaşında olan bir cavandır. Belə ki, hər kim o Həzrəti (ə.f) görər - onu 40 yaşında və daha az hesab edər”.

İmam Səccad (ə) zühurun intizarı ilə bağlı buyurmuşdur: “O kəslər ki, qeyb zamanında yaşayacaqlar, Həzrətin (ə.f) imamətliyinə əqidələri vardır. Onun zühurunun intizarını çəkərlər. Onlar hər bir əsrdə olan insanlardan daha üstündürlər. Çünki Allah ağıl, dərk və mərifətdən onlara o qədər əta etmişdir ki, qeyb əsri onlar üçün İmamın (ə.f) zühuru əsri kimi olar.

Allah onları həmin zamanda İslamın əvvəllərində Peyğəmbərin (s) bayrağı altında vuruşan mücahidlər kimi qərar vermişdir. Onlar həqiqətdə seçilmiş müxlislər, həqiqi Əhli-Beyt (ə) davamçıları, aşkarda və gizlində insanları Allaha tərəf dəvət edənlərdirlər".

Allahım! Cəmi insanları Həzrət Məhdinin (ə.f) həqiqi müntəzirlərindən qərar ver! Amin!


547 dəfə baxılıb
در حال ارسال اطلاعات...