Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Avqust 2019

Məhərrəmlik dönəminə hazırlıq etüdləri: nəyə fikir verək?

Bismilləhir-Rahmənir-Rahim!

Məhərrəm-səfər əyyamına sayılı günlər qalıb. Kərbəla məktəbini, bu məktəbin fədakarlıq və şücaət, həqiqi İlahi xidmət dərslərini kamil surətdə öyrənmək üçün, İmam Hüseynin (ə) və pak səhabələrinin hansı amallar yolunda həyatlarını qurban vermələrini bilməkdən əlavə, bu ruhi halətə necə yetişməklərini də təhlil etmək çox mühümdür.

Müəyyən etmək gərəkdir ki, Aşura qəhrəmanlarının bu cür yüksək kamillik zirvəsinə çatmasına məhz hansı keyfiyyətlərin mövcudluğu gətirib çıxarmışdır.

Əldə oluna bilən kateqoriya

İstər İmam Hüseynin (ə) mübarək şəxsiyyətini, istərsə də Kərbəla meydanında Rəbblərinə xidmət etmək arzusundan qəlbləri şölələnən səhabələrinin əziz şəxsiyyətlərini təhlil etdikdə, görürük ki, onların hər birində ən xeyirli, ən lazımlı, insanın həm dünya, həm axirət həyatı üçün son dərəcədə mühüm olan keyfiyyətlər mövcuddur.

Burada yenilməzlik, prinsipiallıq, şücaət, fədakarlıq, rəhimlilik, şəfqət, mehribanlıq, riqqət, qəlbi zənginlik və digər insanı insan edən keyfiyyətləri görürük. Lakin bunların əsasında bir keyfiyyət durur ki, onun mövcudiyyəti digər xüsusiyyətlərin tutumunu, mahiyyətini, dərəcəsini müəyyən edir. Bu keyfiyyətin adı - təqvadır.

Məhz bu keyfiyyət Kərbəla vaqiəsinin əziz simalarının artıq 1400 ildir ki, qəhrəmanlıq və fədakarlıq nümunəsi kimi tərənnüm edilməsinə səbəb olmuşdur. Çünki təqva keyfiyyəti insanda ixlası - yalnız Allaha xatir gözəl əməllər yerinə yetirməyi və hər bir riyadan, saxtalıqdan, qeyri-səmimilikdən pak olan bir qəlblə İlahi dərgahda insanlıq missiyasını yerinə yetirməyi müəyyənləşdirir.

Bəs bu gözəl keyfiyyət olan təqva, insanın qəlbində necə yer alır? İslamın bu məsələdə mövqeyi belədir ki, bu, əldə oluna bilən bir kateqoriyadır. Bu, insan iradəsinin məhsuludur - həm əldə etmə mərhələsi, həm də qorunub saxlanılması mərhələsi insanın iradəvi seçiminin nəticəsidir. Hər an insandan diqqət tələb edən, fikrinin özündə, öz durumunda olmasını tələb edən bir kateqoriyadır təqva.

Təqvanı qoruyan, davamlı edən, sistemli bir keyfiyyətə çevirən, onun əldən getməməsinə səbəb olan mühüm amilləri araşdırsaq, görərik ki, 2 mühüm məsələ var ki, onlara riayət etdikdə, insanın qəlbində təqva daimi bir halətə çevrilir. İnsan bunlara sahib çıxdıqda arxayın ola bilər ki, təqvanı itirməyəcəkdir, qoruyacaqdır, inkşaf etdirəcəkdir.

Birinci qoruyucu keyfiyyət

Bu qoruyucu keyfiyyətlərdən birincisi - günahdan çəkinməkdir. İnsan əgər təqva əldə etmək istəyirsə, bu keyfiyyəti qorumağı və itirməməyi arzulayırsa, ilk olaraq günah etməməyə diqqət yetirmək lazımdır. Təqva istəyi ilə günahdan çəkinməmək bir araya sığmır. Bunlar bir-birini istisna edən hallardır.

Bizim toplum üçün bunun anlamı xüsusilə əhəmiyyətlidir. Yayılmış məsələdir, deyirlər "insanda əsas odur ki, qəlbi təmiz olsun". Doğrudur, qəlbitəmizlik əsas keyfiyyətdir, amma unutmamaq gərəkdir ki, həmin qəlbitəmizlik məhz elə günahdan qorunmaqla əmələ gəlir. Günahdan qorunmaq - heç nə ilə əvəz oluna bilinməyən bir keyfiyyətdir.

Bəzən lənətlik iblis günahı tərk etməyi, günahdan qorunmağı insana çətin göstərə bilir. İnsan deyir ki, bəs filan işimdən necə çəkinim, filan işə artıq vərdiş etmişəm. İblis lənətlik insana təlqin edir ki, onsuz da xeyri yoxdur, guya günahdan pəhriz etmək çox müşkül bir işdir.

Qətiyyən belə deyildir! İslamın yanaşması birmənalıdır: insan iradəvi varlıqdır, ona seçim qabiliyyəti verilib və ən mühümü - düzgün seçim etmək üçün kifayət qədər məlumat verilmişdir. İnsan iradəsini toparlaya bilər və günahı bilmərrə tərk edə bilər.

Burada mühüm yeri təfəkkür prosesi tutur. Məhz təfəkkür edən insan günahın eybəcərliyini, onun reqressiv mahiyyətini dərk edə bilər və əqlən bundan imtina edə bilər. İnsan əvvəl bir müddət günahsız yaşamağı öyrənir, sonra bu müddət uzanır və beləliklə, günahdan çəkinmək onun ana keyfiyyətlərindən birinə çevrilir.

Burada əsas köməkçi vasitə - təfəkkürlə yanaşı, insanın diqqətli olmasıdır. İnsan söyüş söyməməsinə, yalan danışmamasına, böhtan, iftira atmamasına, yaltaqlıq, riyakarlıq etməməsinə, qəddarlığa, xəsisliyə, təkəbbürlüyə yol verməməsinə və digər xəbis xislətlərə yan almamasına nəzarət edirsə, nəticədə bu və digər mənfiliklər ondan uzaqlaşar.

Hər bir işdə belədir. İnsan yeməyə başlamazdan öncə, qarşısındakı qidanın mənbəyi barədə düşünməlidir. Yeməyi kiminsə haqqını basmaq, rüşvət almaq, alçaqlıq etməklə əldə edilib, yoxsa Allahın məqbul qərar verdiyi düzgün yolla? Halaldırmı? Öhdəsində olan digər insanlar ac qalmırlarmı? Kiminsə haqqını zay etməyibmi?

Geyimində də, dinlədiyində də, baxdığında da, ünsiyyət etdiyində də, digər gündəlik məsələlərdə də eynilə diqqətli olmaq gərəkdir. İnsan bu məsələlərə diqqət yetirdikdə, bir müddət sonra günahdan çəkinmə artıq onun üçün vərdiş halına gəlir.

Əslində durumuna diqqət yetirmək mövzusu insan üçün yeni deyildir: insanların mütləq əksəriyyəti geyimlərinə xüsusi diqqət yetirirlər - insanlar öz zövqlərinə və həyat tərzlərinə uyğun geyinməyə çalışır, saç düzümlərinə fikir verirlər və s. Və insan necə zahirinə diqqət yetirirsə, eləcə də daxilinə diqqət yetirməli, qəbul etdiyi qidaya, aldığı məlumata, baxdığı görüntüyə, səsləndirdiyinə fikir verməlidir.

Qoruyucu keyfiyyətlərdən ikincisi

Qoruyucu hesab edilən, təqvanı şərtləndirən ikinci keyfiyyət - itaətdir. Bu mövzunun özəlliyi ondadır ki, itaət insanı behiştə də apara bilər, cəhənnəmə də. Əgər zalıma, zülmə itaət - insanı məzlum duruma gətirib onun özünü də, yaşadığı toplumu da tənəzzülə aparıb, nəticədə mənəvi və bəzən də fiziki məhvə sürükləyirsə, kamala, kamilliyə itaət, Uca Allaha və onun yoluna aparan Peyğəmbər və İmamlara (ə) itaət - insanı ruhi yüksəlişə, intibaha, inkişafa aparır.

Dinimiz kimə itaət etməli və kimə itaət etməməli mövzusuna kifayət qədər geniş yer ayırmış, bu məsələləri çox mühüm hesab etmişdir. Misal üçün, "Ali-İmran" surəsinin 132-ci ayəsində bildirilir: "Allaha və Onun peyğəmbərinə itaət ediniz ki, rəhm olunasınız".

Gördüyümüz kimi, mübarək ayədə insanın kimə itaət etməli olduğu göstərilir, itaətin hansı hədəfə doğru apardığı və insanın nə əldə edəcəyi göstərilir. Allaha və Peyğəmbərə (s) itaət etmək - insanın kamala can atması, gözəllikləri sevib çirkinliklərə nifrət etməsi deməkdir. Və bu yolun sonu - İlahi rəhmətə qovuşmaqdır, əbədi səadətdə qərq olunmaqdır. Əksi isə - insanın eybəcərliyə meyil etməsi və həqiqi gözəlliklərə isə ikrahla yanaşmasıdır. Belə yolun isə nəticəsi - tənəzzüldür, özünə və digərlərinə zülm etməkdir, İlahi qəzəbdir.

İnsan hər an, hər dəqiqə əslində belə seçim edir: gözəllik və eybəcərlik arasında, Allaha itaət və Allaha qiyam, asilik arasında. Kimə itaət etmək məsələsi "Nisa" surəsinin 59-cu ayəsində bir qədər də açıqlanır: "Ey iman gətirənlər! Allaha, Onun peyğəmbərinə və öz əmr sahiblərinizə itaət edin!".

Bəs "əmr sahibləri" dedikdə, Aləmlərin Rəbbi kimləri nəzərdə tutmuşdur? Ayə nazil olduğu zaman, Həzrət Rəsulullah (s) bu mövzuya dəqiq və birmənalı aydınlıq gətirmişdir. Şərafətli səhabələrdən olan Cabirin "Ya Rəsululllah! "Əmr sahibləri kimlərdir?" sualının cavabında Rəsuli-Əkrəm (s) Həzrət Əlinin (ə) və digər 11 İmamın (ə) adlarını bircə-bircə sadalamışdır.

Bu insanlara itaət - mahiyyətcə Allaha itaət deməkdir, çünki onlar yalnız Allahın dediyini insanlara təbliğ edir və kamillik yoluna dəvət edirlər.

Beləliklə, o halda nicat və səadət var ki, nə vaxt insanda göstərilən iki mühüm cəhətin cəmləşməsi müşahidə edilir: günahdan çəkinmək və İlahi itaət. Bunlar bir-birini tamamlayan və insanın təqva durumunu kamilləşdirən cəhətlərdir.

Dürüstlüyün açarı

İtaət - qurbi-İlahiyə, Allaha son dərəcədə yaxın olmağa aparan ən qısa və səmərəli yoldur. Həzrət Peyğəmbərdən (s) nəql edirdər: lAllah yanında olan məqama itaətdən başqa heç bir şeylə çatmaq olmaz».

Gördüyümüz kimi, mübarək hədisdə itaətin fəlsəfəsi açıqlanır. İnsanın Allaha itaət durumunda olması nə deməkdir? Allahın razılığı olduğu işləri etmək və Allahın qəzəbinə səbəb olan işlərdən çəkinmək. Dinimiz bəlli edir ki, məhz bellə yolla ruhi-mənəvi zənginliyə yetişmək, Allah Təala yanında yüksək məqama sahib olmaq mümkündür.

Digər mənbələrdə, itəaətin insan durumunun dürüstlüyünü təmin edən vasitə kimi təqdimatını görürük. Həzrət Əlidən (ə) nəql edirlər: "Allaha itaət - hər düzgünlüyün açarı və hər bir fəsadın islah səbəbidir".

Rəhmət mövzusu ilə itaət mövzusunun həmahəngliyini Həzrət Əlidən (ə) nəql edilən digər mübarək hədisdə də görürük: lAllahın rəhmətinə hamıdan çox layiq olan insan - Ona hamıdan çox itaət edəndir».

Dinimiz itaətin hüdudlarını və hədəfini birmənalı göstərərək, Allahdan sapdıran yola qədəm qoymağı, İlahi dəyərlərə sayğı göstərməyən insanlara itaət etməyi yolverilməz sayır. Həzrət Əlidən (ə) bu mövzuda nəql edirlər: "Məxluqa itaət edib, Yaradana itaətsizlik göstərənin dini yoxdur".

Gördüyümüz kimi, Allaha asi olan şəxsə itaəti, dinimiz dinsizlik, küfr kimi qiymətləndirir. Dini olan şəxs heç zaman elə insana qulaq asmaz ki, bunun nəticəsində İlahi yoldan sapmış olsun.

Digər bir hədisdə İmam Əli (ə) insanları iradəsiz şəxslərə itaət etməyin fəsadları barədə xəbərdar edir: "İradəsi olmayan bir zəifə itaət edən kimsə, haqq-hüququnu zay edər".

Hər bir zaman üçün aktual problemdir. İradəsiz, nəfslərinin öhdəsindən gələ bilməyən şəxsə itaət etmək - insanın öz haqlarını itirməsinə, şəxsiyyət və ləyaqətinin aradan getməsinə səbəb olar.

Rəsuli-Əkrəmdən (s) nəql edilən hədisdə isə mənsəb və vəzifə sahibini razı salmaq xatirinə Allahın yolundan sapanların acı aqibəti barədə xəbərdarlıq edilir: "Hər kim ki, Allahı narazı edən bir işi görməklə hansısa rəhbəri razı salsa, Allahın dinindən çıxmışdır".

Yaradanın əmri və yaranmışların narazılığı

Mövzunun davamında cəmiyyət üçün çox aktual olan digər bir problemə toxunaq. İmam Əliyyən-Nəqidən (ə) çatdırılan hədisdə insanın gördüyü düzgün əməllərin bir çoxlarında narazılıq yaratması məsələsi işıqlandırılır. Bəzən elə olur ki, insanın ədalətsizliyə, korrupsiyaya, rüşvətə qarşı dözümsüzlüyünü, rəzilliklərə, şəxsiyyətsizliklərə qarşı mövqe sərgiləməsini deformasiyaya uğramış ictimai rəy narahatlıqla qarşılayır. Dinimiz belə hallarda insanı geniş düşünməyə, yaranışın fəlsəfəsinə varmağa, insan olaraq öz təklifinə əməl etməyə çağırır. Beləliklə, 10-cu İmam Həzrət Əliyyən-Nəqidən (ə) nəql edilən hədisdə deyilir: "Yaradanın əmrinə itaət edən insan, yaranmışların qəzəb və narazılığından qorxmaz".

Beləliklə, Kərbəla səhnəsində yer alan misilsiz qəhrəmanlıq - yüksək əxlaqi-mənəvi dəyərlərin bir təzahürüdür. Təqva kimi həqiqi bəndəyə uyğun olan keyfiyyətin meyvəsidir bu qəhrəmanlıq. Günahı iyrənc bilib, gözəlliyə, kamala can atmağın, yalnız Mütləq Kamilliyə itaətin, tapınmağın məhsuludur bu şücaət. Özü də ani, emosional bir sıçrayış deyildir, həyati prinsiplərin, İlahi dəyərlərin yaşadılması amalına xidmətin məntiqi davamıdır bu fədakarlıq. Dərin etiqadın, yenilməz imanın abidəsidir bu. Allah Təala cəmi insanlara bu nəcib nümunələrdən ibrət götürərək, kamala yetişməyi nəsib etsin!

Allahım, bizləri dünya və axirətdə Həzrət Peyğəmbər (s) və Əhli-Beytlə (ə) birgə qərar ver!

Allahım, ümmətin qarşısında duran problemlərin həllini, xəstələrin şəfa tapmasını, yoxsulluq və ehtiyacın aradan getməsini, işğal altında olan torpaqların, ilk növbədə Qarabağ və Qüdsün azad olunmasını, əsirlərin azad olmasını nəsib et!

Allahım, 12-ci İmam Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f) tezliklə zühur etməsini inayət et! Amin!


220 dəfə baxılıb
در حال ارسال اطلاعات...