Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2020

Bu 4 amili dərk edən həqiqi bəndəliyə yüksələr

Bismilləhir-Rahmənir-Rahim!

Allahın insana həyata keçirməyi vacib buyurduğu əməlləri - namazı, orucu, həcci, bütün digər gözəl əməllərin hamısını ümumiləşdirsək, onların hamısı ibadət anlayışının içərisində cəmləşir.

Allah Təala bizləri həqiqi ibadət əhlindən qərar versin, inşəallah!

İbadəti fərqləndirən 2 cəhət

İbadəti digər əməllərdən iki cəhət fərqləndirir. Birincisi, məzmun - Allah bəyənən iş olmalıdır, ikincisi, forma - Allah bəyənən olmalı, Allah üçün olmalıdır. Bir əməlin Allah qatında ibadətə çevrilməsi üçün həm əməlin özü gözəl olmalıdır, həm bu əməl Allahın razılığını əldə etmək üçün, İlahi qürba yaxınlaşmaq üçün həyata keçirilməlidir.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, adi əməli ibadi əməldən fərqləndirən budur. Bütün əməllərimiz, davranışlarımıza bunu aid edə bilərik. İbadət yalnızca namaz, oruc, Quran oxumaq, zəkt vermək kimi bizim öyrəşdiyimiz anlamda ibadi əməllərlə məhdudlaşmır. Qidalanmaqdan tutmuş idman etməyə, dərs oxumağa, işləməyə, istirahətə, insanlarla ünsiyyətə qədər hər bir əməl və davranışımız göstərilən bu meyarla adi əməl və ya ibadət sayıla bilər.

O zaman davranış və əməllərimiz ibadətə çevrilir ki, məzmun Allah bəyənən olsun, məzmunda Allahın bəyənməsindən kənar məsələ olmasın, məzmun İlahi dəyərlərə uyğun olsun və eyni zamanda bu işimizi Allaha görə görək.

Olur ki, insan bəzən yaxşı əməllər edir, gözəl əməllər edir, amma bu işi Allahın razılığını qazanmaq üçün görmür. Bu insan öz əməllərini bu dünya kontekstində edir. Allah da böyük Allahdır, ona bu dünyada yaxşı işinin cavabını nəsib edər. Amma insan bir yaxşı işi görür və o işi Allaha yaxınlaşmaq üçün görürsə - bu işi ibadət sayılır.

Allahın əzəməti barədə düşünsək...

Ümumilikdə necə edək ki, bizim əməllərimizin ibadi ruhiyyəsi artsın? Necə edək ki, halımızda bəndəlik ruhiyyəsi artmış olsun? İnsanşünaslar, əxlaq mütəxəssisləri bu mövzuda dörd mühüm məsələyə vurğu edirlər.

Bunlardan birincisi - Allahın əzəmətini dərk etməkdir. Hər birimiz bir anlığa qəflətdən oyansaq və bizi Yaradanın, Xəlq edənin böyüklüyünü və əzəmətini düşünsək və dərk etsək - halımız dəyişər. İnsan sadəcə yaradılışa diqqət etsə, yaradılış aləminin əzəməti barədə düşünsə, Allahın əzəmətinin fərqində olar.

Bizim bütün problemimiz bundadır ki, bəzən bir şey bizim gözümüzün qabağında olur, amma biz görmürük. Bəzən hər şey çox aydın olur, amma biz fərqinə varmırıq. Bəzən biz o insan kimi oluruq ki, eynəyini axtarır, sən demə, eynəyi gözündə imiş.

Biz daha çox hallarda qəflətdə oluruq, qəflətdə olduğumuz zaman Allahın əzəmətindən də qəflət edirik. Amma elə ki, qəflətdən oyanırıq - o zaman fərqinə varırıq ki, bizi yaradan nə qədər əzəmətlidir. Bu yaradılışın içərisinə daxil olduqca, nə qədər öyrənmə artır, anlayır ki, onun görüb və duyduqları hələ çox cüzidir. Hələ bunlar - maddi dünyanın içərisində olanlardır.

Əgər insan bu əzəmətin fərqinə varsa - özünün kiçikliyini, ehtiyaclılığını dərk edər və bu, onda bəndəlik ruhiyyəsini artırmış olar. Əgər öz kiçikliyimizi, həqirliyimizi, ehtiyaclılığımızı hiss etsək, vəziyyət dəyişər. Başa düşərik ki, böyük Odur.

Dilimizdə Onun böyüklüyünü iqrar edirik, amma bunu iqrar edərkən həmin əzəmət və böyüklüyü hiss etsək - Allah qatında təvazö ruhiyyəmiz yaranar.

Deməli, insanın Allaha bəndəlik ruhiyyəsini artıran mövzulardan biri - Allahın əzəmətini duymaqdır.

Ondan kənar olanları kiçik görmək

Həzrət Əli (ə) həqiqi Allah bəndələrinin xüsusiyyətlərini çatdırarkən buyurur: “Təqvalılar o kəslərdir ki, öz varlıqlarında Xaliqin əzəmətini duyurlar və bu baxımdan Allahdan başqa hər şey gözlərində kiçik olur”.

Təqvalıların, Allah bəndələrinin xüsusiyyətlərindən biri budur ki, onlar varlıqlarında Allahın əzəmətini hiss edirlər. O var ki, insan özünü tanısa - Rəbbini tanıyar, insan özünü tanısa - kiçikliyini, həqirliyini hiss edər, təkəbbürlülük etməz, başqa insanları əzməz, haqları basmaz, zülm etməz.

İnsan Rəbbini tanıyaraq Onun əzəmətini, böyüklüyünü hiss edər. Allahın əzəmətini dərk edən insan Ondan kənar hər şeyi çox kiçik görər.

Bir sadə müqayisəyə müraciət edək. İki əkiz uşaq təsəvvür edək. Bunlar iki fərqli mühitlərdə böyüyüblər. Biri ucqar kənddə böyüyüb. Kəndin həm imkanları, həm də çətinlikləri məlumdur. Bu uşaq gözünü açıb bu ucqar kəndi görür. Zəhmət çəkir, işləyir-gücləyir, minimal texnoloji imkanlara güclə əli çatır.

O biri əkiz qardaş isə bir texnoloji baxımdan çox irəlidə olan bir yerdə yaşayır. Sonra onlar ikisi də tutaq ki, rayonlardan birinin mərkəzinə gəlir. O kəs ki, ucqar kənddən gəlib, görəcək ki, nə qədər geniş texnoloji imkanlar var. Amma urbanizasiya mərkəzindən qəsəbəyə gələn insanın ürəyi sıxılacaq. O böyük bir şəhər görmüşdü, ona bu rayon mərkəzi çox kiçik gələcək.

O, bir neçə gün burada qalar, amma o, böyük texnoloji sürətləri, kommunikasiyaları gördüyündən, onun üçün burada bəlli məhdudiyyətlər var. Amma o kəs ki, texnoloji baxımdan müəyyən məhdudiyyətlər şəraitində idi, bu vəziyyətin davamlı olmasını istəyir.

İndi Həzrət Əli (ə) buyurur ki, təqvalı şəxslər öz varlıqlarında Xaliqin əzəmətini, böyüklüyünü duyublar, Allahdan kənar hər nə ixtiyarlarında olsa, kiçik görsənir. Çünki onlar ən böyük, ən əzəmətli olan Rəbbi görüblər. Təqvalı şəxslər o kəslərdir ki, onlar öz içlərində Rəbbi böyük tutarlar və Allahdan kənar hər şeyi kiçik tutarlar, çünki, həqiqi böyüklüyü, əzəməti görüblər, ondan kənar hər şeyi isə kiçik görürlər.

Allah Təala bizə Xaliqin o əzəmətini duymağı nəsib etsin!

Fəqirliyimizin və ehtiyaclılığımızın fərqində olaq

İnsanda bəndəlik ruhiyyəsini artıran, inkişaf etdirən ikinci amil - insanın öz fəqirliyini, ehtiyaclılığını hiss etməsidir. Bizlər “Kumeyl” duasında Allaha müraciət edirik: “Allahım, Sən mənim zati fəqirliyimdən, zati ehtiyaclılığımdan, əliboşluğumdan xəbərdarsan”.

Bu çox mühüm məsələdir. Bizlər Allahın hüzurunda əliboşuq, başdan-ayağa ehtiyac içərisindəyik. “Fatir” surəsinin on beşinci ayəsində Rəbbimiz də bizlərə bunu çatdırır: “Sizlər Allahın fəqirlərisiniz”. Bizlər başdan-başa Allahın ehtiyaclısıyıq. Əgər insanda bu hiss yaşansa, insan Allah hüzurunda öz ehtiyacını, fəqirliyini, Allahdan asılılığını anlasa - Uca Yaradanın qəni, özünün isə fəqir oluğunun fərqinə varsa - halında xeyli irəliləyiş olur.

Rəbbimiz həyat, vücud verir ki, bizlər varıq. Bir an həyat verməsə, biz mövcud olmarıq. Bu varlıq aləmi ki var, bir an nizam pozulsa - hər şey məhv olar. İndi yaranmış vəziyyətdə də insanlar üçün böyük dərslər var. İndi insanlar anlayır ki, nə qədər fəqir, asılı və acizdirlər.

Bizlər tam mənada Allaha bağlıyıq. Hər an təmin edir, vücud verir ki, biz varıq. İnsan bu fəqirliliyini hiss etsə, xoş olsun halına. Böyük İslam filosofu Molla Sədra (r.ə) Allahı tanıma mövzusunda deyərdi ki, varlıq ya fəqirdir, ya qənidir. Varlıq iki cür ola bilər: ya fəqirdir, ehtiyaclıdır, ya da qənidir və ehtiyacsızdır. Bizlər fəqir varlığıq - bu, aydındır. Hava almasaq, qida almasaq, su içməsək məhv olarıq.

Bəs fəqir varsa, deməli, bu fəqirin ehtiyacını ödəyən qəni də var. Əgər biz fəqirliyimizin fərqinə varsaq, kiminsə varlığı özündən olanın, ehtiyaclı olmayanın mövcudluğu dərk edərik. Bu sadə yolla qəninin olmasına, Allahın olmasına, Onun bizi var edib ehtiyacımızı ödəməsinə etiqad etmiş olarıq. Bu hissin özü insanda ibadi ruhiyyəni artırar. Və adam bu bağlantıdan ləzzət alar.

Allah bizi ehtiyaclı yaradıb ki, iradəvi olaraq, şüurla, dərklə fəqirliliyimizi dərk edək və Ona qovuşaq.

Nemətlərə diqqətimiz olsun

İnsanda bəndəlik ruhiyyəsini artıran üçüncü amil - nemətlərə diqqət etmək, təvəccö etməkdir. Bizim bəşəriyyətin bu gün böyük problemlərindən biri - təvəccö etməməkdir, diqqət etməklə bağlı süstlükdür. Bu gün bütün bəşəriyyət yaranmış vəziyyətdən, böhrandan çıxış yollarını axtarır. Nəticə etibarilə buna gəlib çatırlar ki, əldən verilmiş mövzu - diqqət, təvəccödür. Məlumat çoxdur, amma diqqət etmək, təvəccö azdır.

Bəli, insanı Allaha yaxınlaşdıran, ruhiyyəsini artıran ciddi amillərdən biri - nemətlərə təvəccö etməkdir. Əgər biz nemətlərə diqqət etsək, bu, bizim halımıza çox güclü təsir edər. Bu, insanın fitrətindədir ki, əgər insan bilsə ki, ona kimsə bir şey verib, ona minnətdar olmaq istəyər. Misal üçün, bir uşaq fərqində olsa ki, ona bir yaxını, qohumu bir hədiyyə verib, onun daxilində fitri olaraq təşəkkür etmək hissi oyanar. Bəli, insan fitrətən bu cürdür - bilsə ki, ona kimsə bir şey verib, mütləq ona təşəkkür etmək istəyər.

İndi insan qəflətdən ayılsa, diqqət etsə ki, bu dünya həyatında Allah onu sonsuz nemətlərlə əhatə edib, bu nemətləri verən Rəbbə sonsuz şükrü yaranar.

Nemətlər haqqında düşünmək lazımdır. Düşünmək lazımdır ki, əgər bu nemətlər verilməsəydi, nə halda olardıq? Bu barədə düşünməyin özü belə insanı minnətdarlığa, şükrə yönəldər və bunun nəticəsində insanda ibadi ruhiyyə yüksələr. Biz bu yaranmış çətin dönəmdə əlimizdə nə qədər nemətlərin olduğunun fərqinə vara bilirik. Əgər nemətlərin fərqinə varsaq, nemət verən qarşısında şükür ruhiyyəmiz yaranar və bu özü, bəndəlik ruhiyyəsinə gətirər.

Həzrət Musaya (ə) Allah Təala buyurdu: “Ey Musa! Mənə sevgin olsun və insanları məni sevməyə yönəlt”.

Həzrət Musa (ə) buyurdu: “Allahım, insanları Səni sevməyə necə yönəldim?”.

Allah Təala buyurdu: “Mənim nemətlərimi onların yadına sal”.

Əgər insan Allahdan aldığı nemətlərə diqqət etsə, onda Allaha şövq və məhəbbət artar.

Daxilimizdə pərəstiş hissini doğru ünvana yönəldək

Dördüncü amil - insanın daxilində olan pərəstiş hissidir. İnsan tapınan bir varlıqdır, pərəstişə meyillidir. İnsanda bu hiss fitridir ki, özünə ideal axtarır, pərəstiş etmək istəyir. İnsan gözəllik axtarışındadır. Peyğəmbərlər (ə) insanda olan bu pərəstiş hissini, gözəllik axtarmaq hissini heçdən yaratmağa gəlməyiblər. Allah bu hissi bizim içimizdə qoyub. Peyğəmbərlər (ə) gəliblər ki, insanın daxilində olan bu hissi doğru yerə, düz istiqamətə yönəltsinlər.

Peyğəmbərlər (ə) insanda olan kamal axtarma, ideal axtarma hissini bütlərdən, puldan, maldan, sərvətdən, cürbəcür məhdud məsələlərdən çıxardıb, Allaha tərəf yönəltməyə gəliblər. Çünki, bütün peyğəmbərlərin (ə) çatdırışı bu olub ki, insanın Allahdan başqa bağlandığı, pərəstiş etdiyi, gözəl bildiyi hər bir şey - elə onun özü kimi mümkünəl-vücuddur, fəqirdir, ehtiyaclıdır, müvəqqətidir.

Dünyada bir virus yaranır, haradadır bəzi insanların tapındığı, büt bildiyi ünvanlar, mərkəzlər? İnsan gərək pərəstiş hissini düzgün ünvana yönəldə bilsin.

Dərk etməliyik ki, pərəstiş edilməli - yalnız Allahdır. Allaha ibadət etməli, Allahın razılığını qazanmalıyıq, qalan hər bir şey - müvəqqətidir. Odur ki, bəşəriyyət indi yeni bir düzənə daxil olur. Bu gün özünü axtaran bir sivilizasiya meydana gəlməkdədir. O mərhələ gəlib çatdı ki, insan özü barədə düşünsün, özünün kim olması barədə düşünsün. Allahın eşqi, Allaha bəndəlik həqiqi insanı yetişdirə bilər.

Allahım, bizlərə bəndəlik ruhiyyəsini artırmağı nəsib et!

Allahım, hər nə ki, bizdə bəndəlik ruhiyyəsini, Sənə doğru eşqi, şövqü artırır - onlara bizi yaxın et!

Allahım, bizləri özbaşına buraxma!

Allahım, Xilaskarın - 12-ci İmam Həzrət Məhdinin (ə.f) zühurunu təcil et! Amin!


152 dəfə baxılıb
در حال ارسال اطلاعات...